MƏDƏNİYYƏT
Azərbaycanın turizm potensialı Riqada keçiriləcək Beynəlxalq sərgidə nümayiş etdiriləcəkdir
Bakı, 7 fevral (AZƏRTAC). Fevralın 11-dən 13-dək Latviyanın paytaxtı Riqada keçiriləcək “Balttour-2011” Beynəlxalq turizm sərgisində Azərbaycan da iştirak edəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, sərgidə nazirlik tərəfindən icarəyə götürülmüş 24 kvadratmetrlik sahədə Azərbaycanın təbiəti, coğrafi mövqeyi, regionlardakı mövcud turizm imkanları, ölkədə fəaliyyət göstərən istirahət məkanları haqqında məlumatlar yer alacaq, ziyarətçilərə rus və ingilis dillərində hazırlanmış reklam-çap məhsulları təqdim ediləcəkdir.
“Balttour-2011”-də Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi Adil Adilov, marketinq və təbliğat sektorunun əməkdaşı Səbuhi Əfəndizadə, “GEO travel” və “Gilan turizm” şirkətlərinin nümayəndələri təmsil edəcəklər.