Azərbaycanın Vyetnamdakı səfirliyində ulu öndər Heydər Əliyevin büstü qoyulub
Hanoy, 12 dekabr, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı səfirliyinin binasında ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi keçirilib.
Vyetnam parlamenti deputatlarının, Kommunist Partiyası və Xarici İşlər Nazirliyi rəsmilərinin, dövlət və hökumət qurumları, diplomatik korpus və mətbuat nümayəndələrinin iştirak etdikləri tədbirdə səfir Anar İmanov Ulu Öndərin həyatı haqqında məlumat verib, ümummilli liderin müstəqil Azərbaycanın yenidən qurulmasındakı müstəsna rolundan söhbət açıb. O, 1983-cü ildə Heydər Əliyevin Sovet İttifaqı nümayəndə heyətinin rəhbəri qismində Vyetnama səfər etdiyini və bu səfərin tarixən dostluq münasibətləri olan iki ölkə üçün əlamətdar hadisə olduğunu vurğulayıb. Bildirib ki, ölkəmiz XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin hakimiyyəti dövründə sabitliyin, iqtisadi inkişafın, enerji strategiyasının əsası qoyuldu.
Diplomat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizin davamlı inkişafı naminə əsasını qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Vyetnam parlamentinin xarici əlaqələr komitəsinin sədr müavini Nqo Duc Manh Heydər Əliyevin Sovet İttifaqı dövründə, həmçinin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətinin örnək olduğunu, onun Vyetnamda da çox sevildiyini söyləyib. Bildirilib ki, məhz Heydər Əliyevin Vyetnama səfərindən sonra azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin inkişafında daha fəal iştirakı müşahidə olunub, habelə Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin sayı çoxalıb.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) məzunu, Vyetnamın elm və texnologiyalar nazirinin keçmiş müavini Nqhiem Vu Khai hələ Azərbaycanda təhsil aldığı illərdə Sovet İttifaqında tanınmış siyasətçi Heydər Əliyevin fəaliyyəti ilə yaxından maraqlandığını bildirib.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Vyetnama səfəri zamanı onun keçirdiyi görüşlərdə tərcüməçi kimi iştirak etmiş Nqhiep Doan Danh xatirələrini bölüşüb. O, səfər çərçivəsində Heydər Əliyevin Hanoyda sovet və vyetnamlı mütəxəssislərin birgə inşa etdikləri “Dostluq” körpüsünün açılışında iştirakından bəhs edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy