CƏMİYYƏT
Azərbaycanın Xalq artisti Rasim Balayev IV Yay Düşərgəsinin iştirakçılarına uğurlar arzulayıb
Bakı, 17 avqust, AZƏRTAC
Tanınmış kino aktyoru, Azərbaycanın Xalq artisti Rasim Balayev qədim Naxçıvanda keçirilən “Heydər Əliyev-100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinə onlayn formatda qoşulub və onlara xoş arzularını ifadə edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Xalq artisti çıxışında Heydər Əliyev Fondunun və Komitənin birgə layihəsinin çox faydalı ideya olduğunu vurğulayaraq deyib: “Xaricdə yaşayan gənc soydaşlarımızın “Heydər Əliyev İli”ndə Azərbaycanın qədim torpağı olan Naxçıvana gəlişini alqışlayıram. Həm dahi şəxsiyyətin 100 illik yubileyini qeyd edir, həm də onun doğulduğu, böyüyüb boya-başa çatdığı yurdumuzla tanış olurlar. Heydər Əliyev bütün sahələrə olduğu kimi, sənət dünyasına da böyük diqqət göstərirdi. Həmişə Azərbaycan incəsənətinə, mədəniyyətinə, kino, teatr sənətinə böyük maraqla yanaşırdı. Ümumiyyətlə, Azərbaycan incəsənətinin və mədəniyyətinin inkişaf etdirilməsində Ulu Öndərin xüsusi rolu olub”.
Naxçıvanın onun üçün çox əziz yer olduğunu qeyd edən Rasim Balayev deyib: “İlk əsas rol aldığım “Nəsimi” bədii filmi Naxçıvanda çəkilib. Elə ilk uğurum da bu filmlə başlayıb. Sonra “Babək” və digər filmləri də ölkəmizin gözəl diyarı olan Naxçıvanda çəkmişik. Bu filmlər Azərbaycan kinosunun incilərindən sayılır. Çox şükür ki, mən bu filmlərə çəkilmişəm. Naxçıvan əhalisinin həmin filmlərin çəkilişinə yardım etməsi, hər gün çəkilişləri maraqla izləməsi yaxşı yadımdadır. Naxçıvan tarixi yerdir, təsadüfi deyil ki, bu qədim diyardan başda Heydər Əliyev olmaqla görkəmli şəxsiyyətlər çıxıb”.
Çəkildiyi tarixi filmlərin IV Yay Düşərgəsində diaspor gənclərinə nümayiş etdirilməsinin onu çox sevindirdiyini deyən Xalq artisti bildirib: “Mən gənclərimizi səmimi-qəlbdən salamlayıram. Xaricə qayıtdıqdan sonra Naxçıvanda öyrəndiklərini, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əldə etdiyi Qələbənin önəmini, Azərbaycan dövlətinin sülhsevər siyasətini və tarixi həqiqətləri yaşadıqları ölkələrin ictimaiyyətinə dürüstcəsinə çatdırmağı diaspor gənclərinə tövsiyə edirəm”.
Düşərgə iştirakçıları Rasim Balayev ilə görüşün onlarda dərin təəssürat yaratdığını ifadə edib, Xalq artistinə təşəkkürlərini bildiriblər.