AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ İSVEÇDƏ RƏSMİ SƏFƏRDƏ OLMUŞDUR
1989–1990-cı illərdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçisi olan və 1994-cü ildə atəşkəsin əldə edilməsi prosesində fəal iştirak edən Y.Eliassonla görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda beynəlxalq təşkilatların rolu və dünya ictimaiyyətinin səyləri, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın inkişaf perspektivləri, iqtisadi əlaqələr, Avropa İttifaqı çərçivəsində əlaqələr və yeni qonşuluq siyasəti, Azərbaycanın regionda rolu və qonşuları ilə münasibətlərinə dair məsələlər müzakirə edilmiş, BMT-də islahatlar, regionda cərəyan edən proseslər, Yaxın Şərq, o cümlədən Livan böhranı ətrafında fikir mübadiləsi aparılmışdır.
Səmimi şəraitdə keçən görüşdə Azərbaycan Prezidentinin ölkəmizin İsveçdə səfirliyinin təsis edilməsi barədə Fərmanı qarşı tərəfin diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, səfirlik bu ilin sonunadək fəaliyyətə başlayacaqdır.
Həmçinin ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi müqavilə bazasının yaradılması, İsveç sərmayəsinin və iş adamlarının Azərbaycana cəlb edilməsi, birgə biznes forumların keçirilməsi və hökumətlərarası iqtisadi komissiyanın yaradılması məsələləri müzakirə olunmuşdur.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların, xüsusi ilə BMT, ATƏT, o cümlədən Avropa İttifaqının rolunun artırılması qeyd edilmiş və münaqişənin sülh yolu ilə tezliklə aradan qaldırılmasının vacibliyi bildirilmişdir.
Yan Eliasson Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərində dəhşətli yanğınların baş verməsi ilə əlaqədar narahatlığını bildirmiş və həmin məsələnin İsveç xarici siyasət idarəsinin rəhbəri və BMT-nin Baş Məclisinin sədri kimi, daim diqqətdə saxladığını söyləmişdir.
Görüşdə, həmçinin Azərbaycanın həyata keçirdiyi irimiqyaslı iqtisadi layihələr, respublikamızın regionda lider dövlətə çevrilməsi və beynəlxalq aləmdə artan siyasi və iqtisadi nüfuzu diqqət mərkəzində olmuşdur. Azərbaycanın demokratiyanın inkişafında və insan hüquqlarının qorunmasında səyləri, ölkəmizin BMT-nin yeni yaradılmış İnsan Hüquqları Komitəsinə üç il müddətinə üzv seçilməsi İsveç rəsmisi tərəfindən müsbət qiymətləndirilmişdir.
Sonda Azərbaycanın və İsveçin xarici işlər nazirləri mətbuat konfransı keçirmişlər.
X X X
Avqustun 7-də E.Məmmədyarov İsveçin Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Təhsil Proqramının birgə mərkəzinin tədqiqat direktoru S.Korneli tərəfindən təşkil olunmuş və ölkənin aparıcı tədqiqat mərkəzləri, işgüzar dairələri və Xarici İşlər Nazirliyi nümayəndələrinin qatıldığı dəyirmi masada iştirak etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, ölkəmizin siyasi və iqtisadi həyatı, regionda cərəyan edən proseslər, regional əməkdaşlıq və təhlükəsizlik məsələləri ətrafında müzakirələrin aparıldığı dəyirmi masada nazir E.Məmmədyarov sualları cavablandırmışdır.
Nazir E.Məmmədyarov səfər çərçivəsində İsveçin Sənaye, Məşğulluq və Kommunikasiya Nazirliyinin dövlət katibi S-E. Şöder, Azərbaycanda uğurla fəaliyyət göstərən tanınmış “Telia Sonera” şirkətinin prezidenti A.İgel, Ticarət Şurasının rəhbəri T.Feldom, ATƏT-in Baş Məclisinin vitse-prezidenti və İsveç parlamentinin üzvü T.Tinsqard, ATƏT-in Parlament Assambleyasının sədri, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Q.Lenmarker ilə görüşmüş, müzakirələr aparmışdır.
Səfərin sonunda E.Məmmədyarovun İsveçdəki Azərbaycan cəmiyyətinin üzvləri və bu ölkədə yaşayan soydaşlarımızla da görüşü olmuşdur.