Azərbaycanın xarici işlər naziri Parisdə Fransa Prezidentinin diplomatik müşaviri ilə görüşüb
Bakı, 1 may, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Yelisey Sarayında bu ölkənin Prezidentinin diplomatik müşaviri Jak Odiber ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Prezident Fransua Ollandın Azərbaycana səfərindən bir neçə gün sonra baş tutmuş bu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Fransanın bu kontekstdə son təşəbbüsü, həmçinin Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin indiki durumu və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Fransa tərəfi bir daha Azərbaycanla münasibətlərə böyük önəm verdiyini bildirərək ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən danışıqlar prosesinə və özünün vasitəçilik roluna sadiq qaldığını və Prezident Fransua Olland tərəfindən bu məsələyə bundan sonra da mühüm əhəmiyyət veriləcəyini təsdiqləyib.
Nazir Elmar Məmmədyarov Fransa rəhbərliyinin bu kontekstdə fəallığını yüksək qiymətləndirərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun sülh prosesini əngəlləyən əsas problem olduğunu söyləyib. Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və davamlı həllinin dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması prinsipləri əsasında mümkün olduğunu bir daha vurğulayıb.