Azərbaycanla Venesuela arasında neft, qaz və turizm sahəsində əməkdaşlıq müzakirə olunub
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində Azərbaycanda səfərdə olan Venesuela Bolivar Respublikasının xarici əlaqələr üzrə xalq hakimiyyəti naziri İvan Gil-Pinto ilə görüşüb.
Bu barədə AZƏRTAC-a XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.
Qeyd olunub ki, nazir Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirakına görə Venesuela tərəfinə təşəkkür edərək Hərəkatın tarixən fəal üzvlərindən biri kimi ölkəmizin bütün təşəbbüslərinə göstərilən tam dəstəyi yüksək qiymətləndirib. Ölkəmizin sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərdən söz açan nazir Ceyhun Bayramov Hərəkatın Parlament və Gənclər Şəbəkəsinin yaradıldığını məmnunluqla xatırladaraq, bu gün Venesuela nazirinin iştirakı Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Mənzil Qərargahının açılışının əhəmiyyətini vurğulayıb.
Nazirlər, iki ölkə arasında neft, qaz, turizm, hava nəqliyyatı və digər istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Ölkəmizin coğrafi cəhətdən uzaq olmasına baxmayaraq Venesuela ilə münasibətlərin inkişafına önəm verdiyi, neft və qaz sektorunda şirkətlər arasında potensial əməkdaşlığın ümidverici olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Venesuelanın xarici əlaqələr üzrə xalq hakimiyyəti naziri Dri İvan Gil-Pinto isə öz növbəsində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvətə görə təşəkkürünü bildirərək COVID-19 pandemiyası dövründə mövcud çətinliklərə baxmayaraq Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbrik edib.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Venesuela Bolivar Respublikasının Xarici Əlaqələr üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında Diplomatik İnstitutları və Universitetləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.