Azərbaycanlı ekoloqların etirazları Yaponiya mətbuatının diqqətindədir
Tokio, 13 dekabr, AZƏRTAC
Yaponiyanın “ajmedia.jp” portalı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın ərazilərində təbii ehtiyatlarımızın ermənilər tərəfindən talanması ilə əlaqədar ekoloqların etirazı barədə məlumatlar yayıb.
AZƏRTAC-a istinadla yapon və ingilis dillərində yayılan məlumatlarda dekabrın 12-də Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Şuşa yaxınlığında, Rusiya sülhməramlılarının postuna yaxın ərazidə etiraz aksiyasına başlamaları əksini tapıb. Qeyd edilir ki, etirazçılar Rusiya sülhməramlı kontingentinin komandiri general Andrey Volkovun gəlişini tələb edərək, buranı tərk etmək fikrində olmadıqlarını bildirirlər.
Etiraz aksiyası azərbaycanlı mütəxəssislərin əraziyə buraxılmamasına, Azərbaycan yataqlarının qanunsuz istismarına nəzarət etmək üçün keçirilir.
Əlavə edilir ki, bundan əvvəl Rusiya sülhməramlılarının komandanlığı ilə 2022-ci il dekabrın 3-ü və 7-də aparılmış danışıqlardan sonra Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidməti və “AzerGold” QSC-dən ibarət ekspertlər qrupu ilkin işə başlamalı idi.
Bildirilir ki, qrup Rusiya sülhməramlılarının müşayiəti ilə monitorinq zonasına gəlsə də, burada təxribatlarla üzləşib. Belə ki, Rusiya sülhməramlılarının bunun üçün nəinki lazımi şərait yaratmaması, hətta bu prosesin qəsdən pozulmasında iştirak etməsi səbəbindən planlaşdırılmış ilkin yoxlama və monitorinq baş tutmayıb.
Tokio