Azərbaycanlı gənclər Ankarada müdafiə və kommunikasiya sahələri üzrə aparıcı şirkətləri ziyarət ediblər






Ankara, 18 mart, AZƏRTAC
Kosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində təcrübə mübadiləsi proqramı çərçivəsində Türkiyədə səfərdə olan Azərbaycan universitetlərinin bir qrup tələbəsi Ankara şəhərində fəaliyyət göstərən müdafiə sənayesi və informasiya-kommunikasiya sahələri üzrə aparıcı şirkətləri ziyarət ediblər.
Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov AZƏRTAC-a bildirib ki, ölkəmizin 14 universitetini təmsil edən tələbə və gənc alimlər ASELSAN və HAVELSAN şirkətləri ilə yanaşı, peyk və rabitə operatoru TÜRKSAT şirkətində olublar, layihə və proqramlarla bağlı məlumat əldə ediblər.
Azərbaycanda peşəkar kadrların və insan kapitalının inkişafına və ölkəmizin regional və qlobal miqyasda sahə üzrə inkişafına töhfə məqsədilə ərsəyə gələn layihə KOSMİK Akademiyanın təşkilatçılığı, Türkiyənin Gökmen Aerokosmik və Aviasiya Mərkəzinin (GUHEM-Gökmen Uzay ve Havacılık Merkezi) dəstəyi, eləcə də Azərbaycan Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının əməkdaşlığı ilə ərsəyə gəlib.
Azərbaycan tələbələrinin texnoloji sahələrdə nəzəri və praktiki biliklərinin artırılması üçün hazırlanan səfər proqramı martın 19-dək davam edəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara