“Azərkimya” İstehsalat Birliyi Sumqayıt məktəblərində ekoloji layihələr həyata keçirir
Sumqayıt, 12 may (AZƏRTAC). Sumqayıtda kimyaçıların Üzeyir Hacıbəyli adına Mədəniyyət Sarayında şəhər məktəblilərinin ekoloji mövzuda rəsm əsərlərindən və əl işlərindən ibarət sərgisi açılmışdır. Bu, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərkimya” İstehsalat Birliyinin Sumqayıt şəhər təhsil şöbəsi ilə birlikdə ekoloji layihələr çərçivəsində həyata keçirdiyi 20-ci tədbirdir.
ARDNŞ-in vitse-prezidenti Rəfiqə Hüseynzadə, “Azərkimya” İB Müşahidə şurasının sədri Muxtar Babayev, təhsil şöbəsinin müdiri Vidadi Bağırov, habelə Almaniyadan gəlmiş qonaqlar - Federal Ekologiya Nazirliyinin və tərəfdaş şəhər Lüdviqshafenin nümayəndələri sərgi ilə tanış olmuşlar.
Sumqayıt orta təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin, o cümlədən fiziki və əqli inkişafdan qalmış uşaqlar üçün ixtisaslaşdırılmış internat evinin yetirmələrinin təqdim etdikləri işlərin leytmotivi “Canlı orqanizmlər və onların cansız mühiti bir-biri ilə sıx əlaqədardır və daimi qarşılıqlı təsirdədir. Canlı orqanizmin mövcud olduğu təbiət onun yaşayış məskənidir” sözləri olmuşdur. Müəlliflər və onların müəllimləri sevgi ilə hazırlanmış herbariləri, adi əşyalardan məharətlə düzəldilmiş əl işlərini, “əzilmiş kağız” texnikası ilə işlənmiş əl işlərini və s. həvəslə nümayiş etdirmişlər. Bu işlərdə gənc rəssamların fırça, akvarel və qrafika vasitəsilə insanlara çatdırmaq istədikləri hissələri və ürək çırpıntıları əksini tapmışdır.
Sonra kimyaçıların bir il ərzində məktəblilərlə birlikdə həyata keçirdikləri ekoloji layihələrin təqdimatı olmuşdur. Həmin layihələrin parlaq surətdə ifadə olunmuş tətbiqi aspekti məktəblərdə elmi konfranslar, disputlar, diskussiyalar, viktorina və oyunlar təşkil etməyə şərait yaradır, şagirdlərə bu və ya digər problem barədə rəyini bildirmək, müstəqil təhlil etmək və öz həll yollarını təklif etmək imkanı verilir. Yeri gəlmişkən, kimyaçıların təşəbbüsü ilə respublikada ilk dəfə Sumqayıtda “Balaca ekoloqlar” qrupu yaradılmışdır. “Azərkimya” İB-də hesab edirlər ki, həyata keçirilmiş tədbirlər aktiv həyat mövqeyi olan şüurlu cəmiyyət üzvlərinin formalaşdırılmasına yönəldilmiş ekoloji təlim-tərbiyənin vahid konsepsiyasına cavab verir. Mövzuları müvafiq slayd və materialların proyektorla ekranda göstərilməsi təqdimatı daha maraqlı etmişdir.
ARDNŞ-in vitse-prezidenti Rəfiqə Hüseynzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “Bəşəriyyət və təbiətin qarşılıqlı əlaqələrini dərindən və hərtərəfli anlamaqla, onları səmərəli və optimal şəkildə tənzimləmək mümkündür. Ekoloji vəziyyətin reallıqları ümumi qayğımızdır. Bu məsələ yaşından və ictimai vəziyyətindən asılı olmayaraq bütün insanlar üçün eyni dərəcədə aktualdır. Burada gördüklərim məni heyran etdi və heyrətləndirdi. Çox yaxşı haldır ki, Sumqayıt məktəbliləri olduqca aktual məsələ olan ətraf mühitin mühafizəsi məsələlərinin həllinə yüksək maraq göstərir və bu prosesə fəal surətdə qoşulmuşlar”. R.Hüseynzadə bu həyati məsələnin, xüsusən, uşaqlar arasında təbliğində “Azərkimya” İB-nin rəhbərliyinin rolunu yüksək qiymətləndirmişdir. Onun fikrincə, məktəblilərin həvəsləndirilməsi sistemi də bəyənilməlidir. Uşaqlar hədiyyələri sevirlər. Bu mühüm psixoloji amil əla tənzimləyici vasitədir.
R.Hüseynzadə ümidvar olduğunu bildirmişdir ki, ekoloji maarifləndirmə və tərbiyə işlərinə tətbiqi yanaşma şagirdlərin peşə seçimində müsbət rol oynayacaqdır. Ola bilsin, urboekologiya problemlərinin öyrənilməsinə və müasir dövrün aktual ekoloji problemlərinin həllinə real töhfə verəcək gənc alimlər və ekoloqlar məhz bu uşaqların arasından çıxacaqdır.
######
![]() |
![]() |

