“Azərkimya” İstehsalat Birliyində məktəblilərin elmi-praktik konfransı olmuşdur
Sumqayıt, 2 mart (AZƏRTAC). Martın 2-də Sumqayıtda, Azərbaycan Dövlət Neft Şirkəti “Azərkimya” İstehsalat Birliyinin iclas salonunda məktəblilərin ekologiya məsələlərinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Konfransda “Təfəkkür” liseyinin yuxarı sinif şagirdləri məruzələrlə çıxış etmiş, ekologiyanın müxtəlif aspektlərini əhatə edən elmi məqalə və tədqiqatlarını təqdim etmişlər.
Konfransın işində Milli Məclisin deputatları Leyla Abdullayeva və Muxtar Babayev, Dövlət Neft Şirkətinin mütəxəssisləri, Sumqayıt orta məktəblərinin nümayəndələri iştirak etmişlər.
Liseyin direktoru Bəsirə Ağayeva gənc ekoloqları təqdim edərək demişdir ki, liseyin şagirdləri şəhərdə keçirilən təbiəti mühafizə tədbirlərində fəal iştirak edirlər. Elmi konfransların təşkil edilməsi son beş ildə xoş ənənəyə çevrilmişdir və liseyin təhsil prosesinin tərkib hissəsinə çevrilmişdir. Bu müddət ərzində hazırlanmış bütün elmi işlər liseyin arxivində saxlanılır.
Məruzələrin formatı, habelə mövzuların üç dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim edilməsi həm məktəblilərin, həm də yaşlıların böyük marağına səbəb olmuşdur. Qeyd edək ki, məruzəçilərdən üçü məktəblilərin “INERO EVROASIYA” beynəlxalq ekoloji layihələr olimpiadasının medalçısıdır.
“Azərkimya” İB Müşahidəçilər Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev konfrans iştirakçılarını uğurlu təqdimat münasibətilə təbrik edərək bildirmişdir ki, dövlət başçısı İlham Əliyevin elan etdiyi Ekologiya ilinin başa çatmasına baxmayaraq, bu mövzu həmişə ictimaiyyətin diqqət mərkəzində olacaqdır, çünki ekologiya ümumbəşəri və qlobal mövzudur, ətraf mühitin və xalqımızın sağlamlığının qorunması məsələləri isə ölkə rəhbərliyi üçün həmişə prioritet istiqamət olmuşdur. Təhsil müəssisələri ilə birlikdə təşkil edilən tədbirlər ARDNŞ-in ekoloji siyasətinin mühüm seqmentidir. Belə tədbirlər böyüməkdə olan nəslin ekologiya məsələlərinə marağının və məsuliyyətinin artırılmasına imkan yaradır. Muxtar Babayev məktəbliləri BMT-nin elan etdiyi Beynəlxalq kimya ili çərçivəsində “Azərkimya”nın proqramının icrasına qoşulmağa çağırmışdır.
Sonda konfrans iştirakçıları diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
######
