AZƏRTAC-ın əməkdaşı ərəbdilli telekanalların efirində Ermənistanın müharibə cinayətlərindən danışıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Ermənistan Azərbaycana qarşı bəşəri cinayətlər törətməkdə, mülki insanları qətlə yetirməkdə, yaşayış məskənlərini bombalamaqda davam edir. Gəncə, Mingəçevir şəhərlərinin bombalanması, nəticədə çox sayda mülki insanın həlak olması və yaralanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin faşist xislətini bir daha göstərir.
AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyev bu barədə “Əl-Ərəbiyə”, “Rudav” və “RT arabic” telekanallarının birbaşa efirində məlumat verərək Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlardan, Mingəçevir və Gəncə kimi böyük şəhərlərimizdə mülki obyektləri, yaşayış binalarını raket atəşinə tutmasından danışıb. Xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən bu alçaq hücumların beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarına zidd olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymur, eləcə də humanitar atəşkəs rejimini kobudcasına pozaraq, cəbhədə Azərbaycan Ordusunun mövqelərinə hücumları davam etdirir.
Əməkdaşımız münaqişənin beynəlxalq hüquqa uyğun, ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini xatırladıb, dövlətimizin başçısının xalqa müraciətindən və müxtəlif xarici telekanallara müsahibələrindən sitatlar gətirib.
Qeyd edək ki, AZƏRTAC-ın əməkdaşı bundan əvvəl “TRT Arabic”, “Əl-Ərəbiyə”, “Rusiya əl-yaum”, “əl-Arabi”, “Vatan”, “Əl-Hivar”, “BBC arabic”, “Əl-Hurra” telekanallarının və Əlcəzair Milli Radiosunun, eləcə də “BBC arabic” radiosunun birbaşa efirində də Qarabağ cəbhəsində baş verən son hadisələrlə bağlı çıxışlar edib.