İDMAN
AZƏRTAC-ın əməkdaşı jurnalistlər arasında şahmat yarışının qalibi olub
Bakı, 7 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə jurnalistlər arasında keçirilən ənənəvi şahmat yarışının qalibləri mayın 7-də mükafatlandırılıb. Artıq 19-cu dəfədir keçirilən turnirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin – (AZƏRTAC-ın) əməkdaşı Ramiz Quliyev birinci yeri tutub.
AZƏRTAC xəbər verir ki, turnir “Azərbaycan” nəşriyyatının, Azərbaycan Şahmat Federasiyasının, Milli Olimpiya Komitəsinin və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının dəstəyi ilə təşkil olunub.
Turnirin bağlanış mərasimində çıxış edən “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafı, bu sahədə gənc istedadların yetişdirilməsi istiqamətində əvəzsiz xidmətlərindən danışıb. O, xalqın intellektual səviyyəsini nümayiş etdirən, ölkənin dünyada tanınmasında mühüm rol oynayan şahmatın inkişafına 1970-ci illərdən etibarən dövlət səviyyəsində xüsusi diqqətin göstərilməsinə başlandığını vurğulayıb. Qeyd olunub ki, həmin vaxt respublikaya rəhbərlik edən ümummilli lider Heydər Əliyevin bilavasitə qayğısı ilə şəhər və rayonlarda şahmat məktəbləri və klubları tikilib istifadəyə verilib. Azərbaycanda şahmat məktəb və klublarına yeniyetmə və gənc istedadlar cəlb edilməsi ölkəmizdə şahmata marağı daha da artırıb.
A.Əsgərov vurğulayıb ki, turnirdə 7 media qurumundan 8 jurnalist mübarizə aparıb. Yarışı beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə idarə edib.
İsveçrə sistemi üzrə keçirilən və yeddi turdan ibarət turnirdə AZƏRTAC-ın əməkdaşı Ramiz Quliyev və “Futbolinfo.az” saytının nümayəndəsi Ceyhun Əliyev hərəyə 6 xal toplayıblar. Hakimlərin qərarına əsasən, hər iki şahmatçıya birinci yer üçün nəzərdə tutulan mükafatlar təqdim olunub. Turnirdə üçüncü yeri isə “Novoe Vremya” jurnalının təmsilçisi Mehdi Abbasov tutub.
Qaliblərə diplom, medal və xüsusi mükafatlar təqdim edilib.