AzMİU-da respublika konfransı: İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərdə fövqəladə hal riskləri” adlı onlayn respublika konfransı keçirilib. Ölkəmizi təmsil edən 200-ə yaxın mütəxəssisdən başqa, konfransa Böyük Britaniyadan, İrandan və Türkiyədən alimlər qoşulub.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Tədbiri açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsindəki qələbəsindən, işğaldan azad olunmuş torpaqlarımızda görülən irimiqyaslı bərpa-quruculuq işlərindən danışıb. Qarabağın çiçəklənməsi üçün qarşıda duran mühüm məsələlərə toxunan rektor qeyd edib ki, işğaldan azad olunan ərazilərin bərpası və sosial-iqtisadi inkişafı bu gün mühüm milli prioritetlərdən biridir.
Konfransda AMEA-nın akademik-katibi, akademik Adil Qəribov, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Böyük Britaniyadan doktor Yaşar Khatibi bu məsələnin ayrı-ayrı aspektləri haqqında danışıb, konfransın işinə uğurlar arzulayıblar.
Plenar iclasda AzMİU-nun Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyeva işğal dövründə memarlıq abidələrinin dağıdılması və saxtalaşdırılmasından, dosent Elbrus Paşayev su resursları və hidrotexniki qurğular üçün yaranan risklərdən və Minatəmizləmə Agentliyinin şöbə rəisi Elnur Qasımov humanitar minatəmizləmə fəaliyyətləri haqqında məruzə ediblər.
Konfrans işini 3 bölmədə davam etdirib, 50-dən çox məruzə müzakirə olunub.