AZSTAND-da 33 dövlət standartının layihəsi müzakirə edilib
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycanda Avropa və dövlətlərarası standartlar əsasında hazırlanan süfrə zeytunu, yeməklik zeytun yağı, çörək sənayesi üçün buğda unu, meyvə-tərəvəz konservləri, şokolad və şokolad məhsulları, kərə yağı və s. sahələrə aid 33 dövlət standartının layihəsi müzakirə edilib, eləcə də dövri yoxlanılması aparılacaq standartlara nəzər salınıb.
AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) yaydığı məlumata istinadən xəbər verir ki, 4 yeni dövlət standartı layihəsinin qəbulu ilə bağlı müzakirələr aparılıb, üzvlərin rəy və təklifləri dinlənilib.
AZSTAND tərəfindən təsis edilən “Qida məhsullarının keyfiyyətinin və texnologiyası” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 33) növbəti iclası keçirilib. AZSTAND-ın nümayəndələri ilə yanaşı, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” PHŞ, Azad İstehlakçılar Birliyi, “Azərsun Holdinq” MMC, “Veysəloğlu” MMC və "Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyinin nümayəndələrinin iştirak etdiyi iclasda AZSTAND/TK 33-ə səs çoxluğu ilə yeni üzvlər qəbul olunub, komitənin cari fəaliyyəti və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
