AzTU tələbələri mübadilə proqramı çərçivəsində xarici universitetlərdə təhsillərini uğurla başa vurublar
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri 2025/2026-cı tədris ilinin yaz semestrində ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən tələbə mübadiləsi proqramında iştirak edərək dünyanın nüfuzlu ali məktəblərində təhsil alıblar.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Mübadilə proqramı çərçivəsində AzTU-nun İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin kompüter elmləri ixtisası üzrə təhsil alan tələbəsi Əziz Rafiq Türkiyənin Orta Şərq Texniki Universitetində (ODTÜ), AzTU-da həmin ixtisas üzrə təhsil alan Abbas Ayxan isə İndoneziyanın İndoneziya Universitetində təhsilini uğurla başa vurub. Sənaye iqtisadiyyatı və menecment fakültəsinin biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan tələbəsi Ayaz Ömərli isə İtaliyanın Roma Sapienza Universitetində bir semestrlik mübadilə təhsilini müvəffəqiyyətlə tamamlayıb.
Tələbələr mübadilə proqramı müddətində ixtisasları üzrə beynəlxalq təcrübə qazanmaq, fərqli akademik mühitlə tanış olmaq və biliklərini zənginləşdirmək imkanı əldə ediblər.