Baba Kuhinin yaşadığı Vağam mağarası
Salyan, 26 avqust, İsmayıl Cəfərli, AZƏRTAC
Salyan rayonundakı Vağam mağarası, yaxud el arasında “Həzrət Baba” kimi tanınan ziyarətgah Qaraçala qəsəbəsi ərazisində yerləşir. Bu ərazidə əsrlər öncə bir neçə belə mağara olsa da, Vağam onlardan çox fərqlənir. Yaxın Şərqdə filosof və alim kimi tanınan Baba Kuhi də vaxtilə burada yaşayıb. Deyilənlərə görə, Baba Kuhi burada yaşayandan sonra Qubadakı Babadağa yollanıb və orada qeybə çəkilib.
AZƏRTAC xəbər verir ki, 933-1051-ci illərdə yaşamış azərbaycanlı alim, filosof, səyyah, şair və tədqiqatçı Baba Kuhi müqəddəs hədisləri toplamaq üçün dünyanın bir sıra ölkələrini gəzib. Qardaşı, Şirvanşah Məniçöhrün vəziri Pir Hüseyn ilə mübahisədən sonra əvvəlcə indiki Pirsaat düzünə, sonra isə Vağama gələrək bir neçə il burada yaşayıb.
Tarixçi-tədqiqatçı Sahib Həsənov deyir ki, Baba Kuhi Bakuvi X əsrin ortalarında Bakıda anadan olub. Sufi təriqətli övliya olub. “Xalq, ona böyük hörmət bəsləyib. Ona görə də Baba Kuhinin Vağam mağarasındakı yaşayışını müqəddəsləşdirib və bir növ ona etiqad, inam ifadə edib. Bu mağara ibtidai dövrdən qalıb. Onun yaşını arxeoloqlar 1-1,5 milyon il bundan əvvələ aid hesab ediblər”.
Vağam mağarası Salyandan təxminən 40 kilometr aralıda, Kürovdağda yerləşir. Bura ucqar yerdir, dağlar arasında olduğundan ziyarətə gələnlər demək olar çox azdır. Yerli əhalinin sözlərinə görə, buranı əsasən övladı olmayanlar, xəstəlikdən əziyyət çəkənlər daha çox ziyarət edir.
Üstünü iri daşlar və qaya parçaları örtmüş mağaraya daxil olmaq, onun içərisində hərəkət etmək o qədər də asan deyil. Hündürlüyü 1 metrdən bir az çox olan mağaranın dayanıqlığını artırmaq üçün sonradan içərisində 2 sütun düzəldilib.
Mağaranın ətrafındakı qədim qəbiristanlıq da diqqət çəkir. Belə ki, buradakı sandıq qəbirlər ərazinin qədimliyindən xəbər verir. Bir sözlə, Vağam mağarası özündə bir çox sirləri yaşadır və günümüzə kimi bu sirlər hələ də qalmaqdadır.