İDMAN
“Bakı-2021”: Kişi batutçuların yarışında Yaponiya gimnastları liderliyə yüksəliblər
Bakı, 18 noyabr, AZƏRTAC
Bakıda keçirilən dünya çempionatında kişilər arasında batut gimnastikası üzrə fərdi proqramda təsnifat yarışlarında Yaponiya idmançıları liderliyə yüksəliblər.
AZƏRTAC xəbər verir ki, iki çıxışın nəticəsinə görə, hakimlərdən 109,670 xal alan Hiroto Unno ilk pillədə qərarlaşıb. Digər yaponiyalı idmançı Ryosuke Sakai 109,455 xalla ikincidir. İlk üçlüyü Portuqaliya təmsilçisi Dioqo Abreu 109,415 xalla tamamlayır.
Hazırda yarışlar davam edir.
Noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.