İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4904,34 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 550 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,66 bənd düşmüş və 1 dollar üçün 4905 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 2 milyon 346 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4905 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına əsasən, USD/AZM T+0 aləti üzrə hərracların ümumi həcmi 2 milyon 896 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 14,205 milyarddır. Bir əqdə, orta hesabla, 263 273 dollar düşmüşdür.
USD/AZM T+1 və T+2 alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM aləti üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,386 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Avqustun 20-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.