Bakı Dövlət Universiteti ilə əməkdaşlıq Lənkəran Dövlət Universiteti üçün geniş imkanlar açacaq
Lənkəran, 5 mart, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universiteti (LDU) ölkənin ən nüfuzlu ali təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) ilə əməkdaşlıq edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki ali təhsil müəssisəsi arasında elm və təhsil sahəsində əməkdaşlığa dair imzalanan müqavilə LDU-ya mütəxəssis hazırlığı səviyyəsini yüksəltmək, elmi uğurları artırmaq, BDU-nun elmi-praktiki təcrübəsindən bəhrələnmək imkanı verəcək.
Müqaviləni BDU-nun rektoru, akademik Abel Məhərrəmov və LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov imzalayıblar.
Ölkəmizdə təhsil sahəsində əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq, elmin son uğurlarından birgə bəhrələnmək məqsədi daşıyan müqavilə çərçivəsində LDU-da bakalavriat səviyyəsində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Rus dili və ədəbiyyatı müəllimliyi”, “Tarix müəllimliyi” və “Ekologiya” ixtisasları üzrə kadr hazırlığı, magistrant və doktorant hazırlığı, ixtisasartırma təhsili, təcrübə mübadiləsinin yerinə yetirilməsi, eləcə də birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, konfransların təşkili sahəsində əməkdaşlıq nəzərdə tutulur.
LDU-nun magistrant, doktorant və dissertantlarına elmi rəhbərlərin təyin olunmasına və onlara BDU-nun müvafiq laboratoriyalarında elmi-tədqiqat işlərinin aparılmasına icazə verilməsi də müqavilə şərtlərinə daxil edilib.
Müqaviləyə əsasən, birgə konfrans, seminar və simpoziumlar, elmi-tədqiqat işləri və qrant layihələri reallaşdırılacaq, LDU-nun müəllimlərinin BDU-da ixtisasartırma və təcrübə mübadiləsi keçməsinə kömək göstəriləcək.
Mübadilə proqramları hazırlıq, bakalavriat, magistratura, doktorantura proqramlarını və yay semestrini əhatə edir.