Bakı Mühəndislik Universitetində təlim-tədris prosesi məsafədən təşkil olunacaq
Xırdalan, 25 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar təhsilin davamlılığını təmin etmək məqsədilə Bakı Mühəndislik Universiteti (BMU) təlim-tədris prosesini məsafədən davam etdirəcək. Bunun üçün universitetdə bütün texniki imkanlar mövcuddur. Bu proses tədris platforması olan “Google Classroom LMS” vasitəsilə həyata keçiriləcək.
BMU-dan AZƏRTAC-a bildirilib ki, universitet artıq üç ildir ki, “Google” şirkətinə aid olan “G-Suite” bulud texnologiyasının üzvüdür. Belə ki, ali məktəb bu texnologiyaya aid olan bəzi modullardan, o cümlədən əməkdaşlar və tələbələr üçün korporativ e-mail, təqvim, google drive, elektron cədvəllərdən aktiv istifadə edir.
Qeyd edək ki, Azərbaycan ərazisində koronavirus (COVID-19) virusun yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.