Bakı, Sumqayıt və Abşeron əhalisinə 636 minə yaxın tibbi xidmət göstərilib
Bakı, 17 iyun, AZƏRTAC
2021-ci ilin may ayı ərzində Bakı, Sumqayıt və Abşeron əhalisinə 636 minə yaxın tibbi xidmət göstərilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin may ayı ərzində Bakı, Sumqayıt və Abşeron əhalisinə 635 min 939 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 349 min 350 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 508 min 882-si ambulator, 127 min 57-si isə stasionar şəraitdə göstərilib.
Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan Bakı şəhərinin rayonları: Nərimanov (268), Pirallahı (232), Sabunçu (218), Yasamal (202), Xəzər (144), Səbail (143), Nəsimi (136), Suraxanı (124), Xətai (58) və Binəqədi (53).
Sumqayıt şəhəri üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 126, Abşeron rayonu üzrə isə 19 təşkil edib.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi (87 min 943), Respublika Klinik Xəstəxanası (70 min 530), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (59 min 131), Kliniki Tibbi Mərkəz (41 min 64), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (37 min641), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (23 min 383), K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (22 min 478), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (16 min 58), Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (15 min 248) və 15 nömrəli Uşaq Poliklinikası (9 min 29).
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və 15 nömrəli Uşaq Poliklinikası.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Kliniki Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu.
Məlumatda qeyd olunub ki, 2021-ci ilin may ayı ərzində Bakı şəhəri tibbi ərazi bölməsi (TƏB) üzrə 541 min 256 və Sumqayıt TƏB üzrə 95 min 921 tibbi xidmət göstərilib (TƏB-lər haqqında ətraflı məlumat üçün linkə keçid etmək olar).
2020-ci ilin 1 yanvar tarixinə olan rəsmi məlumata əsasən, Bakı və Sumqayıt şəhərləri, o cümlədən Abşeron rayonu üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 29 min 900 nəfər təşkil edir.
Qeyd edək ki, bütün ölkə üzrə may ayı ərzində 539 min 865 nəfərə tibbi xidmət göstərilib. Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, tənəffüs, həzm, sidik-cinsiyyət, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, zədələr, zəhərlənmə və sinir sistemi xəstəlikləri ilə bağlı olub.
Cari ilin yanvar-may ayları ərzində isə 1 milyon 637 min 752 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara 7 milyon 158 min 60 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 6 milyon 12 min 770-i (84 faiz) 18 yaşdan yuxarı, 1 milyon 145 min 290-ı (16 faiz) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.