Bakı-Tirana əməkdaşlığı hər iki ölkə üçün geniş imkanlar açır – şərh
Bakı, 7 iyul, AZƏRTAC
Albaniya Avropada Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Bakı-Tirana əməkdaşlığı hər iki ölkə üçün iqtisadi inkişaf, beynəlxalq mövqelərin möhkəmlənməsi, enerji təhlükəsizliyi sahələrində geniş imkanlar açır.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
O bildirib ki, Albaniya Avropada dörd müsəlman ölkədən biridir, ölkələrimizin əməkdaşlığı, eyni zamanda islamofobiyaya qarşı mübarizə, dinlərarası dialoq məsələlərini əhatə edir. Bu əməkdaşlıq həm də Bakı və Tirananın əməkdaşlığı gücləndirməklə müasir çağırışlara cavab verməsini mümkün edir. Albaniya Azərbaycana qarşı bir çox hallarda Avropa İttifaqının bəzi ölkələrinin qərəzli yanaşmasını neytrallaşdırmağa müvəffəq olur və öz növbəsində rəsmi Bakı Tirananın ehtiyaclarına diqqətlə yanaşır. Albaniya Azərbaycanın iqtisadi potensialından istifadə edərək Avropada iqtisadi layihələr həyata keçirilməsində mühüm istinad nöqtəsi kimi də dəyərlidir. Tirana ilə uğurlu əməkdaşlıq rəsmi Bakının potensialını nümayiş etdirməyə, öz imkanlarını təqdim etməyə geniş imkan yaradacaq.
“Ölkələrimizin əməkdaşlığı rəsmi Bakının dinlərarası dialoq, dünyada multikulturalizm ideyalarının dəstəklənməsi ilə bağlı təşəbbüslərinin Avropada təşviqi baxımından da mühüm rol oynaya bilər. Albaniya Prezidenti Bayram Beqayın Bakı səfəri də bu istiqamətlərdə əməkdaşlığın dərinləşəcəyini deməyə əsas verir. Prezident İlham Əliyev də bunu anons etdi və gözləmək olar ki, rəsmi Bakının Albaniya ilə əməkdaşlığın dərinləşdirilməsi, qaz infrastrukturunun yenidən qurulması ilə bağlı təşəbbüsləri daha genişmiqyaslı əməkdaşlığın ilk addımları olacaq”, - deyə o əlavə edib.