Bakıda 10-cu beynəlxalq seysmoloji seminar keçırilir
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Bakıda "Seysmoloji məlumatların emalının və təfsirinin müasir metodları" mövzusunda 10-cu beynəlxalq seysmoloji seminar-məktəbin rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycan, ABŞ, Rusiya, Gürcüstan, Qazaxıstan, İtaliya, Böyük Britaniya və digər ölkələrdən 100-dən artıq seysmoloq iştirak edir.
Seminar-məktəb Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin təşkilatçılığı və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) dəstəyi ilə keçirilir.
Açılışda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin rəhbəri Aleksey Maloviçko seminar-məktəbin işinə uğurlar arzulayıblar. Müxtəlif ölkələrin seysmoloqları arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və qarşılıqlı təcrübə mübadiləsi baxımından seminar-məktəbin əhəmiyyəti vurğulanıb.
Elmi sessiyada Azərbaycanda və Rusiyada seysmik müşahidələrə başlanılması tarixindən və seysmologiya üzrə aparılmış tədqiqatlardan danışılıb. Rusiyanın seysmik vəziyyəti barədə məlumat verən A.Maloviçko seysmik risklərin ən çox Kamçatkada, Kuril adalarında və Qafqaz regionunda olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə Rusiyada seysmik aktivlik aşağı olub. O, təmsil olunduğu qurumun indiyədək Qafqaz regionunda seysmologiyaya həsr olunmuş 4 konfrans keçirdiyini bildirib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə Azərbaycanda seysmik vəziyyət barədə məruzə edib. Hələ 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra Nobel qardaşlarının təşəbbüsü ilə Azərbaycan ərazisində üç yerdə seysmik stansiyalar quraşdırıldığını və bununla da instrumental müşahidələrə başlanıldığını söyləyən Q.Yetirmişli deyib ki, sürətlə inkişaf edən iqtisadiyyatına görə regionun lider dövlətinə çevrilən Azərbaycanda seysmologiya sahəsində də uğurlar əldə olunub. Məhz 2000-ci ilin noyabrında Bakıda baş verən zəlzələdən dərhal sonra ulu öndər Heydər Əliyevin göstərişinə əsasən, respublikada seysmik xidmətin işinin modernləşdirilməsi məqsədi ilə tender elan edilib və ilkin olaraq RSXM üçün ABŞ-ın "Kinemetriks" şirkətinin istehsalı olan telemetrik peyk rabitəsi ilə işləyən 14 dəst telemetrik seysmik stansiya alınıb. Seysmoloji tədqiqatların daha yüksək səviyyədə aparılmasını təmin etmək üçün 2008-ci ildən başlayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən, hökumət tərəfindən maliyyə vəsaiti ayrılmış və Azərbaycanda telemetrik seysmik stansiyaların sayı 35-ə çatdırılıb. İlk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda 3 dənizdibi seysmik stansiya quraşdırılıb. Bundan əlavə, Azərbaycan ərazisində geofiziki tədqiqatları genişləndirmək məqsədi ilə yeni GPS stansiyaların quraşdırılmasına başlanılıb.
Vurğulanıb ki, AMEA RSXM-də aparılan kompleks tədqiqat işlərinin keyfiyyətinin artması xarici təşkilatlar tərəfindən də maraqla qarşılanır. Mərkəz 20-dən artıq xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlıq edir. Dörd mühüm beynəlxalq seysmoloji təşkilatın - Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutunun (İRİS) ABŞ, Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzinin (ORFEUS), Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) və Avropa Seysmoloji Komissiyasının (ESC) üzvüdür.
Seminar işini iclaslarda davam etdirib. Üç gün davam edəcək seminar-məktəbdə seysmoloji məlumatların emalı və təfsiri üçün yeni proqramlar, Qafqazın seysmotektonikasının xüsusiyyətləri, Qafqazda seysmoloji müşahidələr, habelə Qafqaz regionunda maqnitudanın təyin olunmasının metodik aspektləri mövzularında müxtəlif ölkələrin seysmoloq alimlərinin məruzələri dinləniləcək, müzakirələr aparılacaq. Sentyabrın 18-də isə tədbir iştirakçıları Şamaxıya səfər edəcəklər.