BAKIDA CƏNUBİ QAFQAZIN RUSDİLLİ DİASPORLARININ KONFRANSI AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 12-də Bakının “Park İnn” mehmanxanasında Cənubi Qafqaz ölkələrinin rusiyalı həmvətənlər təşkilatlarının ikigünlük regional konfransı işə başlamışdır. Konfransda regionun rusdilli diasporlarının 50-dək nümayəndəsi, habelə Rusiya XİN-in, Moskva hökumətinin, Moskva Həmvətənlər Evinin, RF Federal Miqrasiya Xidmətinin təmsilçiləri iştirak edirlər.
Forumdan əvvəl iştirakçılar Fəxri xiyabanı ziyarət edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoymuş, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül düzmüşlər. Konfrans iştirakçıları Şəhidlər xiyabanında da olmuş, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini anmışlar.
Azərbaycan Rus icmasının sədri, Milli Məclisin deputatı Mixal Zabelin forumu açaraq, Cənubi Qafqaz ölkələri rus diaspor təşkilatları nümayəndələrinin görüşünün vacibliyini vurğulamışdır. O demişdir ki, konfransda, əsasən, rus icmalarının Rusiya ilə əlaqələrinin möhkəmləndirilməsi, onların tarixi və mədəni özgünlüyünün qorunub saxlanılması, yaşadıqları ölkələrin ictimai həyatında diaspor təşkilatlarının potensialından istifadə olunması ilə bağlı məsələlər müzakirə olunacaqdır.
Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov rus dilinin və rus mədəniyyətinin təbliğində Cənubi Qafqaz ölkələrindəki rusdilli icmaların fəaliyyətinin əlaqələndirilməsinə, yaşadıqları ölkələrin ictimai-siyasi və iqtisadi həyatında onların fəal iştirakına kömək edəcək qərarların qəbul edilməsinin vacibliyini vurğulamışdır.
Rusiya XİN-in Xaricdə yaşayan həmvətənlərlə iş departamentinin direktoru Aleksandr Çepurin forum iştirakçılarını açıq söhbətə dəvət etmişdir. O, forumun Bakıda keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirmişdir. A.Çepurin Rusiyanın xarici işlər naziri, Xaricdə yaşayan həmvətənlərlə iş üzrə hökumət komissiyasının sədri Sergey Lavrovun konfrans iştirakçılarına təbrik məktubunu oxumuşdur. Məktubda deyilir ki, Bakı forumu rus icmalarının qarşılıqlı əlaqələrinin genişləndirilməsi yolunda mühüm mərhələdir. Rusiyanın dinamik inkişafı, dünyada mövqeyinin möhkəmlənməsi şəraitində həmvətənlərin problemlərinə diqqət gücləndirilir, onların etnomədəni özgünlüyünün qorunub saxlanması və tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi üçün məsuliyyət hissi artır.
Moskva Həmvətənlər Evinin direktoru Yuri Kaplun Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə və bu işə şəxsi töhfəsinə görə Azərbaycan Rus icmasının sədri Mixail Zabelini Rusiyanın ali ictimai mükafatı - Böyük Pyotr ordeninin I dərəcəsi ilə təltif etmişdir.
Aprelin 13-də konfrans işini davam etdirəcəkdir. Forumda Cənubi Qafqaz dövlətlərinin rusdilli diasporlarının qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinin əsas istiqamətlərini nəzərdə tutan qətnamə qəbul olunacaqdır.