Bakıda dünya şöhrətli memarın təqdimatı keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Ev və İnteryer jurnalı (Журнал Дом и Интерьер) Azərbaycan Memarlar İttifaqının dəstəyi ilə dünya şöhrətli niderlandlı, sənaye və interyer dizayneri, dekorçu Marsel Vandersin master-klass və təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, M.Vanders təqdimat mərasimində dünyanın ən qabaqcıl brend şirkətləri ilə necə əməkdaşlıq etdiyindən, dizayner üçün azadlığın vacibliyinin səbəblərindən danışıb.
Bakıya ilk dəfə səfər etdiyini deyən memar şəhərimizin gözəlliyinə, onun müasir memarlıq və tarixi abidələlərinə valeh olduğunu vurğulayıb. Onun sözlərinə görə, paytaxtımızda inşa edilən binalar özəllikləri ilə seçilir və bu cür tikililərin ərsəyə gəlməsində Azərbaycan memarlarının böyük zəhməti var.
Görkəmli memar arxitektura və dizayn sahəsində hazırda dünyada tətbiq edilən yeniliklərdən söz açıb və fikirlərini bölüşüb, əsərlərini necə yaratdığı barədə ətraflı məlumat verib. Sonra dünya şöhrətli memarın işləri təqdim edilib.
Qeyd olunub ki, M.Vanders “Elle Decoration International Design Avards” mükafatının qalibi olub və ilin dizayneri adını qazanıb. 2007-ci ildə Milanda M.Vandersin şəxsi sərgisi keçirilib. O, həmçinin dizayn və dekor sahəsində 20-dən çox müxtəlif mükafat və fəxri adlara layiq görülüb.
Memarın yaratdığı eksponatlar ən yaxşı muzeylərdə, o cümlədən Fransadakı Pompidu, Niderlandın Stedelijik və digər muzeylərdə qorunur.
Tədbir çərçivəsində mətbuat konfransı təşkil olunub.