Bakıda “Fransanın dadı, Fransanın təamları” adlı tədbir keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Fransanın Azərbaycandakı səfirliyində “Fransanın dadı, Fransanın təamları” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşez bildirib ki, bu tədbir dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda keçirilir və məqsəd yerli əhalini Fransa mətbəxinin yeməkləri ilə yaxından tanış etməkdir. Bu yolla həm də Fransaya olan maraq artır. Bu isə ölkəyə turistlərin cəlb edilməsi baxımından çox əhəmiyyətlidir.
Səfir A.Buşezin sözlərinə görə, 2016-cı ildə Fransanı 82 milyon turist ziyarət edib. 2020-ci ildə bu rəqəmin 100 milyonadək artacağı gözlənilir.
Sonra tədbir iştirakçılarına fransız mətbəxindən təamlar təqdim olunub.