BAKIDA II ULUSLARARASI FOLKLOR KONFRANSI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransı akademiyanın humanitar və ictimai elmlər bölməsinin akademik katibi Ağamusa Axundov açaraq, türk ölkələrindən gələn qonaqları və tədbir iştirakçılarını salamladı. Konfransın təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün çox əlamətdar bir günə - Novruz bayramına təsadüf etdiyini bildirən natiq dedi ki, mövzusundan da göründüyü kimi, bu tədbir cox əhəmiyyətli bir məsələyə həsr olunmuşdur. Türk xalqlarının ortaqlığı bir çox xalqlarda olduğu kimi, getdikcə artır. Uzaq keçmişdə bir olan xalq əsrlər ərzində, demək olar, bütün yer kürəsinə yayılmağa başlayıb. Türk xalqı uzaq Çindən tutmuş Roma İmperiyasına qədər qələbə addımları ilə böyük yol keçmişdir. Bu, türk xalqlarının şanlı tarixidir. Amma bu tarixin problemləri də az olmayıb. Yəni zaman keçdikcə, müxtəlif ölkələrə yayılan türk xalqlarının ortaqlığında müəyyən zəifləmələr baş verib. Hətta eyni dildən müxtəlif dillər yaranıb. Bu proses german və başqa xalqların tarixində də belə olub. Bütöv xalq zaman keçdikcə parçalanıb, sonradan isə yenidən birliyə can atmalar, kökə qayıdış prosesi başlanıb.
Natiq bu proses çərçivəsində türk xalqlarının öz soy-kökünə qayıtmaq cəhdini, göstərdiyi təşəbbüsü müsbət hal kimi qiymətləndirdi. Hazırkı tədbiri də bu yolda mühüm və əhəmiyyətli addım sayan akademik öz adından, eləcə də üzrlü səbəbə görə toplantıya qatıla bilməyən akademiyanın prezidenti Mahmud Kərimovun adından konfrans iştirakçılarına uğurlar arzuladı.AMEA Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov bildirdi ki, konfransda 15 ölkədən 40-a yaxın nümayəndə iştirak edir. Vurğuladı ki, eyni mövzuda Bakıda keçirdiyimiz I Beynəlxalq konfransa nisbətən bugünkü toplantıda qonaqlarımızın və ölkələrin sayı xeyli artıb. Bu, türk xalqlarında yaxınlaşmağa, ortaq mənəvi dəyərlərə meylin güclənməsini göstərən müsbət əlamətdir. “Ey türk özünə qayıt, sən özünə qayıdanda böyük olursan”. Bilgə Kağanın bu sözlərini tədbir iştirakçılarına xatırladan natiq, özünəqayıdışın bir və əsas yolunun da folklorla bağlı olduğunu dedi. Natiq Folklor İnstitutunun yaradılması və fəaliyyəti ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verdi. Dedi ki, hazırda 180 nəfərdən artıq əməkdaşın fəaliyyət göstərdiyi və əvəzsiz milli-mənəvi dəyərlərimiz olan folklora aid onlarla kitab nəşr etdirən institutumuzun yaradılması böyük öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Uzaqgörən, böyük insanın Sərəncamı ilə açılan institut artıq təkcə Azərbaycanın deyil, eyni zamanda, bütün türk xalqlarının folklor elmi mərkəzinə çevrilmişdir. Natiq məlumat verdi ki, konfransa qatılmaq üçün təşkilat komitəsinə 200-dən artıq məruzə göndərilmişdi. Onlardan 65-i seçilərək konfransın proqramına daxil edilib. Həmin məruzələr kitab şəklində nəşr olunur və konfransın axırında müəlliflərə paylanacaqdır. Respublika Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov konfrans iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik etdi. Sonra konfransa müxtəlif ölkələrdən göndərilmiş təbrik məktubları oxundu. Konfransın plenar iclasında Rusiya Elmlər Akademiyası Ufa Elmi Mərkəzi Tarix, Dil və Ədəbiyyat İnstitutunun nümayəndəsi, akademik Əhməd Süleymanovun “Ural Batur” başqırd xalq eposunda “əbədi həyat sirrinin axtarışı” motivinin interpretasiya xüsusiyyətləri”, Kipr, Balkanlar, Avrasiya Türk Ədəbiyyatları Vəqfinin rəhbəri İsmayıl Bozkurtun “Kıbrıs türklerində Novruz gelenegi: mart dokuzu” mövzularında məruzələri dinlənildi. Konfrans ikinci iclasını bölmələr üzrə davam etdirdi. Beynəlxalq tədbir öz işini martın 19-da davam etdirmişdir.