Bakıda informasiyanın idarə edilməsi və təhlükəsizlik haqqında maarifləndirmə mövzusunda müzakirələr aparılıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “İnformasiyanın idarə edilməsi və təhlükəsizlik haqqında maarifləndirmə” mövzusunda seminar keçirilib. Seminar Azərbaycanın və Latviyanın, Litvanın, Rumıniyanın Müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birgünlük seminarda Latviya, Litva və Rumıniyadan olan mütəxəssislər, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin idarə və komandanlıqlarının nümayəndələri iştirak ediblər.
Seminarda informasiya təhlükəsizliyi risklərinin əsas amilləri və onların qiymətləndirilməsi üsulları, bu sahədə əsas problemlər və onların həlli haqqında məruzələr dinlənilib, təqdimatlar olub. İnformasiya təhlükəsizliyinə xarici və daxili təhdidlər, onların qarşısının alınması üsulları barədə müzakirələr aparılıb.
Bundan əlavə, xarici mütəxəssislər təmsil etdikləri ölkələrdə informasiyanın idarə olunması və təhlükəsizliyi standartları və siyasəti, dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemləri barədə təcrübələrini bölüşüblər.
Sonda geniş fikir mübadiləsi aparılıb, sual, irad və təkliflər səsləndirilib.