BAKIDA KEÇİRİLƏN “SƏRHƏD TƏHLÜKƏSİZLİYİNƏ NƏZARƏT” KURSU BAŞA ÇATMIŞDIR
Beş gün davam edən kursda ölkəmizin Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin, Gömrük Komitəsinin və Sərhəd Xidmətinin əməkdaşlarına Türkiyənin mobil təlim qrupu - Türkiyə Quru Qoşunlarının və Baş Polis İdarəsinin nümayəndələri tərəfindən milli təhlükəsizlik sistemi və sərhədlərdə fiziki təhlükəsizlik sistemləri, quru qoşunları üçün atəş açma, qadağan və təhlükəsiz hərbi zona, sərhəd üzərində və ətrafında uçuş qaydaları, sərhəd bölgəsində qadağan olunan hərəkətlər və sərhədi qeyri-qanuni keçənlərə qarşı tətbiq edilən qaydalar barədə məlumat vermişlər.
Onlara beynəlxalq qaçqınların qorunmasına dair ümumi prinsiplər, qanunsuz miqrasiya və insan qaçaqmalçılığı, beynəlxalq narkotik maddələr, silah qaçaqmalçılığı, anarxiya, beynəlxalq terrorizm ilə mübarizə yolları və əməkdaşlıq, sərhəd təhlükəsizlik hissələrinin, komandirlərin vəzifə, səlahiyyət və məsuliyyətləri, sərhəd təhlükəsizliyində kəşfiyyatın xəritə hazırlaması təlimi öyrədilmişdir.
Türkiyə Silahlı Qüvvələri Təlim Mərkəzinin rəisi Turqay Bakkal və Mobil Təlim Qrupunun əməkdaşları başa çatan kursun təşkilini və fəaliyyətini yüksək qiymətləndirmiş, belə tədbirlərin gələcək aylarda NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirak edən bir neçə tərəfdaş dövlətdə -Ukrayna, Rumıniya, Albaniya, Makedoniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Moldovada keçiriləcəyini bildirmiş və iştirakçıları maraqlandıran suallara cavab vermişlər.