BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 14 sentyabr (AZƏRTAC). Sentyabrın 13-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 12 tondan çox məhsul gətirilmişdi. Burada məhsulların bolluğu və ucuzluğu diqqəti cəlb edirdi. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, kök, kələm, çuğundur, soğan, kartof, gavalı və alma 40-60 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, məhsulların qiymətləri bazardakından 20-25 faizə qədər ucuzdur. Ümumilikdə şənbə və bazar günü alıcılara 30 tondan çox məhsul təklif olunmuşdur. 2006-cı ildən indiyədək burada 331 yarmarka keçirilmiş və paytaxt sakinlərinə 73,4 min ton məhsul satılmışdır.
Hər həftənin sonunda olduğu kimi, bu bazar günü də Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada qələbəlik idi. Burada bostan məhsullarının, meyvə-tərəvəzin bolluğu diqqəti cəlb edirdi. Məhsulların qiyməti də münasib idi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, iki gün ərzində əhaliyə Salyan, Quba, Astara, Qusar, Dəvəçi rayonlarından gətirilmiş 79,3 ton məhsul təklif olunmuşdur.
Yarmarkada pomidorun kiloqramı 60-80, kartof 30-50, badımcan 20-25, gavalı 40-60, bibər 50-60, lobya 60-80 qəpiyə, üzüm 60 qəpik - 1 manata, göyərtinin dəstəsi 10-15 qəpiyə satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada sakinlərə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu. Alıcılar kartofun, soğanın, badımcanın, pomidorun, digər meyvə - tərəvəzin və süd məhsullarının qiymətlərinin bazardakından xeyli ucuz olduğunu söyləyirdilər.
Şənbə və bazar günləri Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri yarmarkada 250 tondan çox məhsul satmışlar.
Suraxanıda - “Günəş” ticarət mərkəzindəki yarmarkada və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkalarda iki gün ərzində 70 tondan artıq məhsul satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, hər iki yarmarkada məhsul bol, çeşid müxtəlif, qiymətlər isə bazardakından 20-30 faizə qədər ucuz olmuşdur. Sakinlər kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, gilas, ərik, şaftalı, qarağat, gavalı, fındıq, göyəm, üzüm və digər məhsulları həvəslə almışlar.
Yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada şənbə və bazar günləri satışa Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 30 tondan çox məhsul çıxarılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun sözlərinə görə, alıcılara həm də Giləzi və Goradil broyler fabriklərinin nümayəndələri 8 mindən çox yumurta təklif etmişlər.
######
![]() |
![]() |

