BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, “Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan 18 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,4 ton ağartı, 5 ton tərəvəz, 3,5 ton kartof, 4,5 ton bostan məhsulları, 3 ton meyvə, 4 min ədəd yumurta gətirilmişdir. Məhsulların bolluğu və ucuzluğu alıcıları cəlb edir. Burada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, kök, badımcan, xiyar, pomidor, kələm, soğan və kartof 30-50 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılır.
Yarmarkada hər həftə iştirak edən gədəbəyli fermer Cəmil İsayev bu dəfə 1 tondan çox kartof, soğan, kələm, yerkökü və çuğundur gətirmişdi. O, məhsulları bazardakından xeyli ucuz qiymətə satırdı.
Ramazan bayramı ərəfəsində Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada qələbəlik idi. Burada bostan məhsullarının, meyvə-tərəvəzin bolluğu diqqəti cəlb edirdi. Məhsulların qiyməti də münasib idi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, əhaliyə Salyan, Quba, Astara, Qusar, Dəvəçi rayonlarından gətirilmiş 82,3 ton məhsul təklif olunur.
Yarmarkada pomidorun kiloqramı 60-80, kartof 30-50, badımcan 20-25, gavalı 40-60, lobya 60-80 qəpiyə, üzüm 60 qəpik-1 manata, göyərtinin dəstəsi 10-15 qəpiyə satılırdı.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir, Saatlı, Qazax və digər rayonlardan 20 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən 8 min 500 ədəd yumurta gətirilmişdi.
Sabirabaddan 500 kiloqram üzüm gətirmiş Məmməd Dadaşov bildirdi ki, qəsəbə sakinləri kiloqramını 80 qəpik-1 manata təklif etdiyim məhsulu həvəslə alırlar. Artıq üzümün yarıdan çoxunu satmışam. Həyətyanı sahəmdə yerləşdirdiyim məhsulun hamısını burada satmaq niyyətindəyəm.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri sakinlərə müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları təklif edirdilər. Alıcılar kartofun, soğanın, badımcanın, pomidorun, digər meyvə-tərəvəzin və süd məhsullarının qiymətlərinin bazardakından xeyli ucuz olduğunu söyləyirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, Suraxanıda - “Günəş” ticarət mərkəzindəki yarmarkada və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkalarda satışa 70 tondan artıq məhsul çıxarılmışdır. Hər iki yarmarkada məhsul bol, çeşid müxtəlif, qiymətlər isə bazardakından 20-30 faizə qədər ucuzdur. Sakinlər kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, gilas, ərik, şaftalı, qarağat, gavalı, fındıq, göyəm, üzüm və digər məhsulları həvəslə alırlar. Yarmarkalarda məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Ağsu və Qazax fermerləri təzə lobya, kələm, üzüm, alma, nar, kartof, badımcan, qoz, pomidor və digər çeşiddə meyvə-tərəvəz gətirmişdilər. Şəhər sakinləri bazardakından 20-30 faiz ucuz olan həmin məhsulları həvəslə alırdılar. Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Abdullayev bildirmişdir ki, bu gün yarmarkada satışa ümumilikdə 20 tondan çox meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada alıcılara Bərdə, Ağstafa və Goranboydan gətirilmiş kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından 48,1 ton məhsul gətirilmişdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, bununla yanaşı alıcılara Giləzi və Goradil broyler fabriklərinin nümayəndələri 10 mindən çox yumurta təklif edirlər.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər.
######
