BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 28 sentyabr (AZƏRTAC). Sentyabrın 27-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada müxtəlif rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsullarının bolluğu diqqəti cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, şənbə və bazar günləri burada Salyan, Qusar, Astara, Dəvəçi, Quba rayonlarının fermer və şəxsi təsərrüfatlarından gətirilmiş 79 ton məhsul satılmışdır. Məhsul bolluğu, çeşid müxtəlifliyi qiymətlərə təsir göstərmişdir və məhsullar bazarlardakından 30-40 faiz, hətta bəziləri yarıbayarı ucuz təklif olunurdu.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində alıcılar məhsulların bolluğundan və qiymətlərin münasibliyindən razılıq edirdilər.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada Quba, Ağcabədi, Kürdəmir, Biləsuvar, Qax və digər rayonların fermerləri 109 ton meyvə, 106 ton tərəvəz və digər məhsullar satmışlar.
Sentyabrın 26-27-də Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda 71 ton 700 kiloqram məhsul satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, bunun 66 ton 200 kiloqramı “Günəş” ticarət mərkəzindəki yarmarkanın, 5,5 tonu isə “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkanın payına düşür. Hər iki yarmarkada qiymətlər bazardakından 20-25 faiz ucuz olmuşdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada alıcılara kələm, alma, üzüm, badımcan, lobya, pomidor, kartof və digər məhsullar təklif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, şənbə və bazar günlərində yarmarkada 11,5 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada satışa Goranboy, Bərdə və Ağstafadan gətirilmiş meyvə-tərəvəz, bostan məhsulları çıxarılmışdı.
Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada iki gün ərzində Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından gətirilmiş 40 tondan artıq meyvə-tərəvəz satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinovun sözlərinə görə, alıcılara meyvə-tərəvəzlə yanaşı, Giləzi və Goradil broyler fabriklərinin nümayəndələri 10 mindən çox yumurta təklif etmişlər.
Yarmarkada mövsümi mallar üstünlük təşkil etmişdir.
######
