BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 3 oktyabr (AZƏRTAC). Oktyabrın 3-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi. Burada əhaliyə 16 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,5 ton ağartı, 4,5 ton tərəvəz, 4 ton kartof, 2,5 ton meyvə, 5 min ədəd yumurta, 40 kiloqram bal təklif edilirdi.
Gədəbəyli Arzu Tanrıquliyev yarmarkaya 2 tona yaxın meyvə, bal, pendir, soğan və kartof çıxarmışdı. Məhsulları münasib qiymətə satırdı. Dedi ki, hər həftə buraya məhsul gətirir və yaradılan şəraitdən razıdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun sözlərinə görə, yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı olduğu üçün paytaxt sakinləri gün ərzində buradan istədikləri məhsulu ucuz qiymətə əldə edə bilirlər. Qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, badımcan, xiyar, alma, kələm, çuğundur, soğan və kartof 30-50 qəpiyə, yumurtanın biri 8 qəpiyə və s. satılır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyevin verdiyi məlumata görə, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada satışa Salyan, Qusar, Astara, Dəvəçi, Quba rayonlarının fermer və şəxsi təsərrüfatlarından gətirilmiş 80,2 ton məhsul çıxarılmışdır. Burada mövsümi meyvə-tərəvəz, bostan məhsulları çoxluq təşkil edir. Bolluq və çeşid müxtəlifliyi qiymətlərə təsir göstərmişdir.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada alıcılara Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir, Saatlı, Qazax və digər rayonlardan gətirilmiş 20 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi quşçuluq fabriklərindən 18 min 200 ədəd yumurta təklif olunurdu.
Qubalı fermer Vahid Dadaşov yarmarkaya 2,5 ton alma gətirmişdir. O, məhsulun kiloqramını 30-50 qəpiyə təklif edirdi. Qəsəbə sakinləri təklif edilən məhsulu böyük həvəslə alırdılar.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada meyvə-tərəvəz, ət və ağartı satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərovun verdiyi məlumata görə, bu gün Quba, Ağcabədi, Kürdəmir, Biləsuvar, Qax və digər rayonların fermerləri yarmarkaya 264,4 ton kənd təsərrüfatı məhsulları gətirmişlər. Şəhər sakinləri bazardakından xeyli ucuz qiymətlərə satılan həmin məhsulları həvəslə alırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən rayonlarından gətirilmiş 67 ton 300 kiloqram məhsul təklif olunur. Burada məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi, xüsusilə mövsümi meyvə və tərəvəzin çox olması qiymətlərə də təsir göstərmişdir. Kartof, soğan, yerkökü, kələm, ət, süd, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, gilas, ərik, şaftalı, qarağat, gavalı, fındıq, göyəm, üzüm və digər məhsullar bazarlarla müqayisədə 20-25 faiz ucuz qiymətə satılır.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 4,8 ton məhsul çıxarmışdılar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada fermerlər satışa kök, çuğundur, badımcan, lobya və digər meyvə-tərəvəz çıxarmışdılar. Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədovun sözlərinə görə, yarmarkaya 12 ton kənd təsərrüfatı məhsulları gətirilmişdir. Burada kələmin və kartofun kiloqramı 40, pomidor 35-40, üzüm 70 qəpiyə təklif olunur.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da Goranboy, Bərdə və Ağstafadan gətirilmiş təzə və keyfiyyətli meyvə-tərəvəz, bostan məhsulları satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrəd Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, İmişli, Tərtər, Tovuz, Oğuz, Astara rayonlarının fermerləri satışa 43,1 ton kənd təsərrüfatı məhsulları çıxarmışlar.
İmişli rayonunun Qaralar kənd sakini Kamran Qurbanov paytaxt sakinlərinə 4 tona yaxın kartof- soğan təklif edirdi. Fermer dedi ki, yarmarkada yaradılan şərait ürəyincədir.
Qiymətlərin bazardakından 30-35 faizə qədər ucuz olması alıcıların yarmarkaya axınını artırmışdı. Onlar meyvə-tərəvəzin, meyvə qurusunun, ət-süd məmulatlarının və konservləşdirilmiş məhsulların keyfiyyətindən razılıqlarını bildirirdilər.
######
