BAKIDA “NƏ? HARADA? NƏ VAXT?” ZƏKA OYUNU ÜZRƏ ÜÇÜNCÜ DÜNYA ÇEMPİONATININ AÇILIŞ MƏRASİMİ
Çempionat Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, Gənclər Təşkilatlarının Milli Şurası, “Nə? Harada? Nə vaxt?” oyununun Beynəlxalq Klublar Assosiasiyası (BKA) tərəfindən təşkil olunmuşdur.
Açılış mərasimində çıxış edən BKA-nın prezidenti, “İqra” teleşirkətinin baş direktoru Natalya Stetsenko, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev planetin zəkalarının belə mötəbər yarışının Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda artıq üçüncü dəfə keçirildiyini bildirdilər. Natalya Stetsenko vurğuladı ki, İlham Əliyev hələ Milli Olimpiya Komitəsinin prezidenti olarkən 2002-ci ildə ilk dünya çempionatı keçirilmiş, 2003-cü ildə ölkənin Baş naziri vəzifəsində olarkən biliciləri ikinci çempionatın keçirilməsi üçün yenə də Azərbaycan paytaxtına dəvət etmişdir. İndiki yarışlar isə İlham Əliyevin ölkə Prezidenti olduğu dövrdə keçirilir.
O, mərasim iştirakçılarına xatırlatdı ki, 1995-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Nə? Harada? Nə vaxt?” klubunun o vaxt Bakıya gəlmiş üzvlərini qəbul etmişdi.
Mərasim iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqəlik sükutla andılar.
Sonra “Nə? Harada? Nə vaxt?” oyunu üzrə üçüncü dünya çempionatı açıq elan olundu.
Azərbaycanın dövlət himni səsləndi.
Mədəniyyət naziri Polad Bülbüloğlu və Rusiyanın Federal Mədəniyyət və Kinematoqrafiya Agentliyinin rəhbəri Mixail Şvıdkoy iştirakçı komandalara uğurlar arzuladılar.
Sonra BKA-nın təsis etdiyi beynəlxalq mükafatın təqdim olunması mərasimi keçirildi. “İlin turniri” nominasiyasında İjevskidə keçirilmiş dünyanın seçmə çempionatı, “İlin klubu” nominasiyasında Bakının “Atəşgah” komandası fərqləndilər, “İlin ən yaxşı sualı” mükafatına xarkovlu Olqa Neumvaykina layiq görüldü, Maksim Pataşov “İlin adamı” adlandırıldı. Dünya çempionatlarının daimi aparıcısı Vladimir Belkinə “Nə? Harada? Nə vaxt? hərəkatının inkişafına şəxsi töhfəyə görə” Vladimir Voroşilov adına mükafat təqdim edildi.
Rəsmi hissədən sonra tamaşaçıların “Nə? Harada? Nə vaxt” klubunun magistrləri ilə oyunu keçirildi.