Bakıda Qafqaz Albaniyasının tarixi-coğrafi atlasına dair seminar təşkil edilib VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının üzvü, ictimai və siyasi xadim Həsən Həsənov “Qafqaz Albaniyası haqqında Həsən Həsənovun Azərbaycan – tarixi-coğrafi atlas”ından çıxarışlar mövzusunda keçirilən seminarda Albaniyanın tarixi coğrafiyası, dini inancları və regionun qədim dövlətçilik tarixi barədə fikirlərini bölüşüb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 18-də keçirilən tədbirdə H.Həsənov qədim mənbələrə, o cümlədən ermənilərin mühüm tarixi şəxsiyyətlərindən biri hesab olunan Movses Xorenatsinin əsərlərinə istinad edərək Albaniyanın cənub sərhədinin Araz çayı olduğunu bildirib. Tarixçi, həmçinin qeyd edib ki, ərəb işğalı ərəfəsində Albaniya tam şəkildə xristian dövləti olmayıb: "Musa Kalankatlı Albaniyada türklərin Tanrıçılıq inancının mövcudluğundan bəhs edir və bu dövrdə bölgədə xristianlıq, Tanrıçılıq və yəhudilik kimi dini inanclar mövcud olub".
H.Həsənov çıxışında Atropatenanın yaranma tarixi ilə bağlı qədim mənbələrdəki məlumatlara da toxunub. O bildirib ki, bəzi qədim müəlliflərin məlumatları Atropatenanın Assuriya imperiyasının süqutundan sonra, e.ə. 612-ci ildə yaranması fikrini irəli sürməyə əsas verir.
Seminarda Qafqaz Albaniyasının tarixi və coğrafiyası ilə bağlı təqdim olunan xəritə və mənbələr müzakirə olunub.