Bakıdakı Rus Evində tanınmış jurnalist Ənvər Məmmədov haqqında mühazirə dinlənilib
Bakı, 26 yanvar, AZƏRTAC
Bakıdakı Rus Evində Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ruslar Azərbaycan tarixində” kitabının müəllifi Georgi Zapletinin silsilə mühazirələri davam edib.
AZƏRTAC Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə (RİMM) istinadla xəbər verir ki, mühazirədə yazıçı Rusiyada yaşayan və ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli töhfə verən azərbaycanlılar haqqında danışıb.
Mühazirə sovet dövlət xadimi, diplomat və jurnalist Ənvər Məmmədova həsr olunub.
Qeyd edək ki, o, birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib və 1956-cı ilədək ABŞ, Böyük Britaniya və Latın Amerikası yayımı baş redaksiyasının rəhbəri olub. Sonra XİN-ə qayıdıb və bir ilə yaxın SSRİ-nin Vaşinqtondakı səfirliyinin müşavir-elçisi işləyib. Ə.Məmmədov, həmçinin “USSR” jurnalının baş redaktoru olub. 1961-ci ildə Ə.Məmmədov “Novosti” Mətbuat Agentliyi (NMA) sədrinin birinci müavini təyin edilib. 1962-1985-ci illərdə SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini olub. İngilis, alman, italyan və fransız dillərini bilir. Yeddi orden və on medalla təltif edilib.
Xatırladaq ki, Georgi Zapletin bir çox kitabın, o cümlədən ikicildlik “Azərbaycan polisi tarixi”, “Onlar Vətənə və elmə xidmət ediblər” (İkinci Dünya müharibəsi illərində Qələbə uğrunda çalışan Azərbaycan Milli Elmlər Akademiyasının 28 akademikinin və müxbir üzvünün taleyi haqqında), “Ruslar Azərbaycan tarixində”, “Qəlbin yaddaşı”, “Elmə həsr olunmuş ömür” (görkəmli alim Akif Əlizadə haqqında) müəllifidir.