Balakən sakinlərindən 4 ədəd odlu silah və narkotik götürüldü VİDEO
Balakən, 12 yanvar, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri Mənsur Qaracayev, Mahir Akqubayev, Mehman Salihov və Aydın Cücüyevdən qanunsuz olaraq saxladıqları, ümumilikdə, 4 ədəd “İJ” markalı ov tüfəngi, eləcə də həmin silahlara məxsus patronlar aşkarlanıb. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Mehdi Qunduzov və Nicat Məmmədov da saxlanılıb. Onların üzərinə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.