BALAKƏNDƏ CARİ İLİN BİRİNCİ YARISININ YEKUNLARI GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR
Şura iclasında Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov ilin birinci yarısının yekunlarına dair hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzədə iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2006-cı ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının nitqində irəli gələn vəzifələrə geniş yer ayıran natiq demişdir ki, həmin iclasda kommunal sahədə vəziyyətin sağlamlaşdırılması ilə bağlı yerli icra hakimiyyəti orqanları və əlaqədar qurumların rəhbərləri qarşısında ciddi tələblər qoyulmuşdur.
Natiq bildirmişdir ki, 2006-cı ilin birinci yarısı həm də Prezident İlham Əliyevin bu bölgəyə, eləcə də Balakən rayonuna tarixi səfəri və keçirdiyi görüşlərlə, habelə respublikada analoqu olmayan 13 milyon ABŞ dolları dəyərində 235 çarpayılıq xəstəxana kompleksinin təməlqoyma mərasimində iştirakı ilə insanların yaddaşına unudulmaz bir dövr kimi həkk olunmuşdur. Səfərin yekunları ilə bağlı ölkəmizin başçısının bu il iyunun 1-də imzaladığı “Azərbaycan Respublikasının Şəki şəhərinin, Balakən, Qax və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı Azərbaycan Prezidentinin bu bölgənin iqtisadi inkişafına, əhalinin maddi rifahının yaxşılaşdırılmasına göstərdiyi böyük qayğının bariz nümunəsidir.
Məruzədə qeyd olunmuşdur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi nəticəsində respublikanın hər yerində olduğu kimi, Balakən rayonunda da nəzərəçarpacaq dəyişikliklər baş vermiş, rayonun iqtisadi potensialından daha səmərəli istifadə edilməklə ayrı-ayrı sahələrin inkişafı təmin olunmuş, çoxlu istehsal və emal müəssisələri açılmış, əhalinin məşğulluq səviyyəsi yüksəlmiş, maddi rifahı və həyat şəraiti xeyli yaxşılaşmışdır.
Cari ilin birinci yarısında rayonda ümumi daxili məhsul istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 42,9 faiz artaraq 18 milyon 675 min manat olmuşdur. Ümumi məhsul istehsalında sənayenin xüsusi çəkisi 33 faiz və ya 621,2 min manat, kənd təsərrüfatının xüsusi çəkisi 75,1 faiz və ya 14 milyon 21 min manat, tikintinin xüsusi çəkisi isə 9,8 faiz və ya 1 milyon 824,8 min manat təşkil etmişdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 90 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 30,9 faiz, tikinti işlərinin həcmi 4,8 dəfə, pullu xidmətlərin həcmi isə 33,9 faiz artmışdır.
Sahibkarlığın və biznes mühitinin inkişafı məqsədi ilə bu il mayın 13-də keçirilən “Balakən rayonunun sosial-iqtisadi inkişafı: reallıqlar və gələcəyə baxış” mövzusunda biznes-forum rayonun sosial-iqtisadi inkişaf potensialının geniş auditoriyaya təqdim olunması, habelə sahibkarlığın və biznes mühitinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşımışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi nəticəsində cari ilin birinci yarısında rayonda 532 daimi iş yeri açılmış, 2 min nəfərə yaxın balakənli isə mövsümi və müvəqqəti işlərə cəlb edilmişdir. Hesabat dövründə rayonda 12 hüquqi və 221 fiziki şəxs yaradılaraq qeydiyyatdan keçmişdir.
Çıxışının sonunda icra başçısı bildirmişdir ki, qazanılan uğurlar, əldə edilən nailiyyətlər ilk növbədə respublikada dayanıqlı ictimai-siyasi sabitliyin, əmin-amanlığın, habelə sürətli iqtisadi inkişafın sayəsində mümkün olmuşdur. Sosial-iqtisadi inkişafın gətirdiyi mənfəəti isə hər bir balakənli tezliklə öz gündəlik həyatında hiss edəcəkdir.
Şura iclasında daha sonra rayonun paylayıcı elektrik şəbəkəsinin, kommunal müəssisələri kombinatının, qaz istismarı və su-kanal idarələrinin rəhbərlərinin hesabatları dinlənilmiş, yol verilmiş nöqsanlar ətraflı təhlil edilmiş, problemlərin həlli yolları araşdırılmışdır.
Sonda tədbir iştirakçıları şura iclasının qərar layihəsi ilə tanış olmuşlar. Qərarda 2006-cı ilin birinci yarısında rayonun iqtisadi inkişafında, tikinti-quruculuq işlərində, habelə ictimai-siyasi həyatında müsbət dəyişikliklərlə yanaşı, bəzi nöqsanlara da yol verildiyi qeyd olunmuş, istehlak edilmiş elektrik enerjisinin, təbii qazın və digər kommunal xidmətlərin dəyərinin əhali və təşkilatlar tərəfindən tam ödənilməsinin vacibliyi, aqrar bölmədə aqrolizinqin normal fəaliyyəti, damazlıq işi və toxumçuluq bazasının inkişaf etdirilməsi, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, rayon büdcəsinin tam həcmdə yerinə yetirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və digər vacib məsələlər öz əksini tapmışdır.