REGİONLAR
Balakəndə Novruz bayramı qeyd olunub
Balakən, 19 mart, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın ən əziz bayramlarından olan Novruz Balakən rayonunda da böyük coşqu ilə qeyd olunub. Balakənlilər baharın gəlişini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramı münasibətilə martın 19-da Balakən Rayon Mədəniyyət Mərkəzində ümumrayon tədbiri keçirilib. Tədbir Mərkəzin qarşısındakı meydanda bayram tonqalının alovlandırılması ilə başlanıb.
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində xalqımızın milli adət-ənənələrini özündə əks etdirən sərgilərlə tanış olub, el sənətkarlarının əl işlərinə baxıblar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, balakənliləri bayram münasibətilə təbrik edib, qədim adət-ənənələrimizdən olan Novruzun xalqımız tərəfindən həmişə böyük sevinc və coşqu ilə qarşılandığını bildirib, bu bayramın yüksək səviyyədə keçirilməsində Ulu Öndərin xidmətlərini xüsusi vurğulayıb. Bildirilib ki, bu ənənə indi də davam etdirilir. Prezident İlham Əliyev hər il Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edir, xalqımıza təbrik və xoş arzularını çatdırır. Diqqətə çatdırılıb ki, balakənlilər bu il Novruz tonqalının Xankəndi şəhərində alovlandırılmasından böyük qürur hissi keçirirlər.
Bayram şənliyi rayonun bədii özfəaliyyət, rəqs və folklor kollektivlərinin iştirakı ilə rəngarəng konsert proqramı ilə davam edib.