BALAKƏNDƏ PREZİDENT FƏRMANINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR GENİŞ MÜZAKİRƏ OLUNMUŞDUR
Yığıncaqda qeyd olunmuşdur ki, Balakəndə yalnız aqrar sahənin deyil, sənaye, turizm və digər sahələrin də dinamik inkişafına nail olmaq məqsədi ilə növbəti 5 il üçün konkret tədbirlər planı işlənib hazırlanmalı və həyata keçirilməlidir.
Bu gün Balakən üçün həlli daha vacib olan əsas məsələlərdən biri işsizlik problemidir. Son 3 ildə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmiş və 1250 nəfər daimi işlə təmin olunmuşdur. Müxtəlif sahələrin inkişafı, yeni emal müəssisələrinin yaradılması ilə bağlı aparılan təhlillər yaxın 5 ildə rayonda 3-4 min iş yerinin açılmasına real şərait olduğunu göstərir.
Qeyd olunmuşdur ki, aqrar sahədə həyata keçirilən uğurlu islahatlar nəticəsində rayonda ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticələr əldə edilmişdir. 2003-cü ildə rayonda rekord miqdarda – 15 min tondan artıq qarğıdalı məhsulunun tədarük olunması gələcəkdə quşçuluq sənayesi üçün əsas yem bazası rolunu oynayan bu sahənin daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu göstərir.
Məlumat verilmişdir ki, arqaq islahatların ilk dövrlərində rayonda 70-dən artıq fermer təsərrüfatı yaradılsa da, lazımi texniki bazaya malik olmadıqları üçün onların əksəriyyəti tam gücü ilə fəaliyyət göstərə bilmir. Odur ki, rayonda bir neçə yerdə yeni aqroservis mərkəzlərinin təşkili üçün konkret tədbirlər həyata keçirilmişdir.
Qeyd olunmuşdur ki, payız-qış aylarında əhalinin problemlərinin həlli üçün lazımi tədbirlər görülmüşdür. Elektrik enerjisindən istifadə haqlarının yığılması 2002-ci ildə 990 milyon manat təşkil edirdisə, 2003-cü ildə bu göstərici bir milyard 623 milyon manata çatmışdır. Nəticədə, rayona elektrik enerjisinin verilməsi əvvəlki illərə nisbətən xeyli yaxşılaşmışdır. Şəhərin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Təhsil islahatı proqramına uyğun olaraq yaxın 5 ildə rayonda 11 yeni məktəbin tikilməsi planlaşdırılır. Əhaliyə göstərilən tibb xidmətinin səviyyəsini daha da yüksəltmək məqsədi ilə cari ildə səhiyyə söbəsinə 2 ədəd yeni “Təcili yardım” maşını alınmışdır. Əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün müvafiq tədbirlər həyata keçirilir.
Yığıncağın sonunda yeni Fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.