Balakəndə yaş barama istehsalı 10 tondan çox artıb
Balakən, 23 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda barama tədarükü başa çatıb. Balakənli kümçülər bu il qəbul məntəqəsinə 42 ton 3 kiloqram yaş barama təhvil veriblər. Barama istehsalı ötən illə müqayisədə 10,8 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Bildirilib ki, cari mövsümdə barama yetişdirmək üçün 355 kümçü ilə müqavilə bağlanılıb, onlara 1150 qutu və ya 21 kiloqram 850 qram ipəkqurdu paylanılıb.
Qurum rəsmisinin sözlərinə görə, Talalar kəndindən Nüsrət Əsgərov builki mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox - 732 kiloqram yaş barama təhvil verib. Qazma kəndindən Tahir Məmliyev bu il 609,4 kiloqram, Mahamalar kəndindən Fail Taşov isə 346,3 kiloqram yaş barama istehsal ediblər.