Baş prokuror Kürdəmir rayonunda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 4 mart, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, prokurorluq orqanları tərəfindən vətəndaşların müraciətlərinin dinlənilməsi daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.
Martın 4-də Baş prokuror Kamran Əliyev Kürdəmir Rayon Prokurorluğunun inzibati binasında Kürdəmir, Ucar, Ağdaş, Göyçay, Zərdab və Ağcabədi rayonundan olan vətəndaşların müraciətlərini dinləyib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Həmin gün 21 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.