Baş Prokurorluğun idarə rəisi GRECO nümayəndə heyətinin tərkibində Türkiyədə görüşlər keçirib



Bakı, 20 iyun, AZƏRTAC
Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO) yüksəksəviyyəli nümayəndə heyətinin tərkibində Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Ankarada səfərdədir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, GRECO prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Böyük Millət Məclisinin vitse-spikeri Bəkir Bozdağ, Hakimlər və Prokurorlar Şurasının sədr əvəzi Turan Kuloğlu və digər yüksəkvəzifəli şəxslərlə görüşlər keçirib.
Səfər zamanı nümayəndə heyəti Türkiyə hökumətini parlament üzvləri, hakimlər və prokurorlar arasında korrupsiyanın qarşısının alınması və dürüstlüyün gücləndirilməsi sahəsində GRECO-nun tövsiyələrinin tam şəkildə icrasını təmin etməyə çağırıb.
Elnur Musayev görüşlər zamanı müvafiq tövsiyələrin icrasının əhəmiyyətini vurğulayaraq, Türkiyədə hakim və prokurorların cəmiyyətdəki nüfuzunun qədim adət-ənənələrə əsaslandığını, etik prinsiplərin isə əsrlər boyu formalaşmış təcrübə və dəyərlərdən qaynaqlandığını bildirib. O, bu sahədə uğurlu nəticələrin yaxın gələcəkdə əldə olunacağına ümid etdiyini ifadə edib.