Batumidə Ümummilli Lider Heydər Əliyevin anım günü silsilə tədbirlərlə qeyd olunub
Tbilisi, 12 dekabr, AZƏRTAC
Azərbaycanın baş konsulluğu Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Batumidə silsilə tədbirlər keçirib.
AZƏRTAC xəbər verir ki, baş konsulluğun təşkil etdiyi anım mərasimində konsulluğun əməkdaşları, diplomatik korpus, yerli ictimaiyyətin nümayəndələri, Gürcüstanın dini xadimləri, azərbaycanlı icma və diaspor üzvləri, media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Ümummilli Liderin Batumidəki büstünü ziyarət edib, əziz xatirəsinə dərin hörmət və ehtiram bildiriblər.
Baş konsul Fuad Əzizov dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycanın qurucusu kimi tarixdə əvəzolunmaz xidmətlərindən bəhs edib. Bildirib ki, Ümummilli Liderin həyata keçirdiyi siyasi islahatlar, uzaqgörən siyasət strategiyası bu gün həm ölkəmizin inkişafında, həm də region ölkələri ilə əməkdaşlığın dərinləşməsində öz müsbət təsirini göstərməkdə davam edir.
Çıxışlarda Azərbaycanın dövlətçilik tarixinin formalaşmasında müstəsna rol oynamış Ulu Öndərin fəaliyyəti və siyasi irsi barədə məlumat verilib.
Batumi Şəhər Məscidində keçirilən tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin Qərbi Gürcüstan üzrə müftisi hacı Adam Şantadze çıxış edərək iki ölkə arasında uzun illərə dayanan dostluğun, qarşılıqlı etimadın, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin təşəkkül tapmasında Ümummilli Liderin böyük xidmətlərindən bəhs edib. O, Heydər Əliyevin regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımların bu gündə yüksək qiymətləndirildiyini vurğulayıb. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tolerantlıq ənənələrinə və diaspor həyatına göstərdiyi diqqət xüsusi qeyd olunub.
Sonra mərasim iştirakçıları üçün ehsan süfrəsi açılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi