Bayram tətili günlərində Qəbələyə turist axını müşahidə olunub
Qəbələ, 29 mart, AZƏRTAC
Aparılan ilkin müşahidələr göstərir ki, əvvəlki illərdən fərqli olaraq, bu il iki həftəyə yaxın davam edən Ramazan və Novruz tətili günlərinin bir araya təsaqüf etməsi xüsusilə yerli turistləri fəallaşdırıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov məlumat verib. Direktorun sözlərinə görə, Körfəz ölkələrində baş verən və hələ də davam edən müharibə şəraiti oradan gələnlərin sayında azalmaya səbəb olubsa, əksinə, daxili turizm xeyli aktivləşib.
Turistlər qoruğun tarixi məkanlarına - Antik şəhər yerinə, Səlbir və Qala ərazilərinə baş çəkiblər. Burada onlar arxeoloji qazıntı işləri aparılmış yerlərə baxıb, qazıntılar zamanı aşkarlanmış su və təsərrüfat quyuları, qədim şəhərin ərazisini əhatə edən müdafiə sədləri, ictimai bina qalıqları, eləcə də qiymətli maddi-mədəniyyət abidələri ilə əyani şəkildə tanış olublar. Turistlər, həmçinin Qəbələ Arxeoloji Mərkəzin sərgi salonlarında nümayiş etdirilən arxeoloji eksponatlara baxıblar. Ziyarətçilərə ərazidə aparılmış arxeoloji qazıntılar, aşkarlanan tapıntılar barədə ətraflı məlumat verilib.
Turistlərə Azərbaycan, rus və ingilis dillərində ekskursiya xidmətləri göstərilib.
Direktorun sözlərinə görə, bayram tətili günlərində qoruğu ziyarət edən əcnəbi turistlər arasında Rusiya, Cənubi Afrika Respublikası, Türkiyə və Polşadan gələnlər üstünlük təşkil edib.
Türkiyədən olan turist Güney Karaca Qoruğun xatirə kitabına öz təsərrüatlarını belə qeyd edib: “Qəbələ Dövlət Tarix-Bədii Qoruğu hafizəmdə çox gözəl qaldı. Xüsusilə Qəbələ Arxeoloji Mərkəzi nadir məkandır. Türkiyəyə qayıdanda yaxınlarıma və tanışlarıma bura barədə danışacağam”.
Turistlərə ümumilikdə Qəbələ Arxeoloji Mərkəzinin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, burada sərgilənən arxeoloji materiallar, eləcə də qoruq ərazisində aparılmış arxeoloji qazıntılar barəsində ətraflı məlumat verilib. Onları maraqlandıran suallar qoruq əməkdaşları tərəfindən cavablandırılıb.
Müxbir - Rasim İslamoğlu