BDU-da Mexanika-riyaziyyat fakültəsinin 50 il əvvəlki məzunlarının görüşü
Bakı, 10 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşəbbüsü ilə Mexanika-riyaziyyat fakültəsinin 1973-cü il məzunlarının görüşü keçirilib. Görüşün keçirilməsinin əsas məqsədi BDU məzunları ilə əlaqənin daha da genişləndirilməsi olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev çıxış edib. O, məzunların uzun fasilədən sonra universitetdə görüşmələrini müsbət ənənə kimi qiymətləndirərək, bunun davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə məzunlara universitetdəki yeniliklər və qazanılan uğurlar barədə məlumat verilib. Eyni zamanda, məzunların məşğulluq vəziyyəti, onların cəmiyyətdəki mövqeyi, karyeralarında əldə etdiyi uğurlar müzakirə olunub.
Sonra xatirə şəkli çəkdirilib.