BDU-nun Mexanika-riyaziyyat fakültəsində növbəti elmi seminar
Bakı, 21 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) bütün ixtisaslaşmalar üzrə elmi seminarlar uğurla davam etdirilir. Professor-müəllim heyəti ilə yanaşı, tələbələrin elmi-tədqiqata cəlb edilməsi məqsədilə tələbə elmi cəmiyyətlərinin fəaliyyəti genişləndirilib, bütün fakültələrdə tədqiq olunan məsələlərin müxtəlif aspektləri ilə əlaqədar seminar, konfrans, ustad dərsləri həyata keçirilir. Universitetin Mexanika-riyaziyyat fakültəsində növbəti ümumi virtual elmi seminar təşkil edilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, seminarda Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov diferensial tənliklər sahəsinin əhəmiyyətli dərəcədə təbiət və cəmiyyətin müxtəlif sahələrində, digər tətbiqi məsələlərdə mühüm olduğunu söyləyib.
Sonra Ali riyaziyyat kafedrasının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Sevda İsayeva çıxış edib. Çıxışda yarımxətli dalğa tənlikləri üçün akustik qoşmalıq şərtli qarışıq məsələ göstərilib. Məsələ üçün qlobal həllin varlığı və sonlu zaman müddətində həllin dağılması haqqında məlumat verilib.
Vebinarda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Misir Mərdanov, Türkiyə Cümhuriyyətinin Koç Universitetinin Riyaziyyat bölümünün professoru Vərqa Kələntərov, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov, professorlar Əkbər Əliyev, Əli Əhmədov, Nizaməddin İsgəndərov, Ziyatxan Əliyev və dosent Rəşid Əliyevin mövzu ilə bağlı sualları cavablandırılıb.