BDU-nun rektoru: Yeni tədris ilinə yeni planlarla başlayırıq
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu gün 106 yaşını qeyd edən Bakı Dövlət Universitetinin inkişafında növbəti səhifə açılır. Yeni tədris ilinə yeni planlarla başlayırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.
Rektor bildirib ki, BDU yeni tədris ilinə öz yeni uğurları ilə gəlib çatıb və beynəlxalq reytinqlərdə öz nəticələrini xeyli yaxşılaşdırıb. 2025-2026-cı tədris ilində bakalavriat səviyyəsinə 5300-ə yaxın, magistratura səviyyəsinə isə 1100 nəfər qəbul olunub. Yüksək bal toplayan tələbələrin də sayı kifayət qədər çoxdur.
“Universitet özünün zəngin ənənəsini qoruyub saxlayır. BDU öz unikal keçmişinə xüsusi hörmətlə yanaşır və eyni zamanda, strateji inkişafına uyğun olaraq gələcəyə daha böyük planlarla və inamla addımlayır. Bu gün biz yeni tədris ilində Milli Məclisin rəhbərliyi və deputatları, Elm və Təhsil Nazirliyinin nümayəndələrinin, dəvətli qonaqların iştirakı ilə Bilik Gününü qeyd etdik və BDU Tələbə İnkişaf Mərkəzinin açılışını da etdik.
Bu məkan tələbələrin müxtəlif maraqlar üzrə şəbəkələşməsinə, onların inkişafına, elmi problemlərin, yeni ideyaların müzakirəsinə və həll yollarının birgə axtarılmasına şərait yaradacaq . Düşünürük ki, bu cür məkanların olması təhsilalanların elm, təhsil və innovasiyalar sahəsində öz uğurlarını artırması ilə yanaşı, eyni zamanda, onların sosial həyatının düzgün təşkilinə də xidmət edəcək.
BDU-nun tədris və tədqiqatla bağlı infrastrukturunun yenilənməsi ilə bağlı ciddi planlarımız var. Qarşıdan gələn illərdə bunun şahidi olacağıq. Ərazimizdə artıq bir neçə tələbəyönümlü məkan fəaliyyət göstərir. Onların siyahısında COP29 çərçivəsində açılmış Ekoməkanı, Tələbə məkanını, Ekoenerji məkanını və digərlərini qeyd etmək istərdim.
Vətənimiz Azərbaycan üçün yüksəksəviyyəli kadr hazırlığı hər bir ali təhsil müəssisəsinin başlıca vəzifəsidir. Biz bu vəzifəni vicdanla və yüksək keyfiyyətlə yerinə yetirməklə gələcəyimizin inkişafına xüsusi töhfə vermiş oluruq”.