BDU və Pakistanın COMSATS Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb



Bakı, 17 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistana səfəri çərçivəsində COMSATS Universitetinin rektoru Sacid Qamar ilə görüşüb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ali təhsil müəssisəsi arasında elmi və akademik əməkdaşlığın gücləndirilməsi, ortaq tədqiqatların və innovasiya layihələrinin həyata keçirilməsi istiqamətlərində fikir mübadiləsi aparılıb.
COMSATS Universiteti Pakistanın qabaqcıl elmi-tədqiqat və texnologiya yönümlü ali təhsil müəssisələrindən biridir. Universitet əsasən informasiya texnologiyaları, mühəndislik, biomühəndislik və təbiət elmləri sahələrində ixtisaslaşıb. Bu baxımdan BDU ilə əməkdaşlıq çərçivəsində süni intellekt, kibertəhlükəsizlik, data analitikası və nanotexnologiyalar sahələrində birgə elmi layihələrin həyata keçirilməsi planlaşdırılır.
Tərəflər arasında imzalanmış əməkdaşlıq haqqında niyyət protokolu genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində tələbələrin və professor-müəllim heyətinin mübadiləsi, ikili diplom proqramlarının təşkili, birgə doktorantura proqramlarının yaradılması və elmi nəşrlərin hazırlanması məsələləri də əhatə olunub. Bundan əlavə, iki universitet arasında birgə elmi konfransların və seminarların təşkili, elmi jurnallarda məqalələrin dərc edilməsi və müştərək layihələrin reallaşdırılması planlaşdırılır.
Rektor Elçin Babayev görüş zamanı BDU-nun beynəlxalq akademik mühitdə fəal iştirak etdiyini vurğulayaraq, COMSATS Universiteti ilə əməkdaşlığın hər iki universitetin elmi potensialının inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd edib. O, xüsusilə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, elmi mərkəzlərin inkişaf etdirilməsi və tələbələr üçün daha geniş imkanların yaradılması istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüşün sonunda hər iki universitetin nümayəndələri gələcəkdə əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi üçün mütəmadi olaraq əlaqələrin saxlanılmasının və konkret layihələr üzərində işlənilməsinin vacibliyini bildiriblər.