Belarusun Bobruysk şəhərində Xocalı faciəsinə həsr olunmuş matəm tədbiri keçirilmişdir
Bakı, 28 fevral (AZƏRTAC). Belarusun Bobruysk şəhərində Xocalı faciəsinə həsr olunmuş matəm tədbiri keçirilmişdir.
Tədbirdə Belarus Respublikasının Azərbaycan İcmaları Konqresinin nümayəndələri, Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin birinci katibi Qədim Qasımov və Bobruysk şəhərinin Azərbaycan diasporu iştirak etmişlər. Bu barədə AZƏRTAC-a Azərbaycan İcmaları Konqresindən məlumat vermişlər.
Xocalı faciəsi bütün dünya azərbaycanlılarının dərdidir və nə qədər ki, bu vəhşiliklər hüquqi qiymətini almayıb, günahkarlar cəzalandırılmayıb, Azərbaycan xalqı sakitləşməyəcəkdir.
1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən azərbaycanlıların yaşadığı Xocalı şəhərinin əhalisinə qarşı soyqırımı aktı həyata keçirilmişdir. Qanlı qırğın nəticəsində 613 adam qətlə yetirilmiş, təqribən min nəfər şikəst olmuş, 1275 adam girov götürülmüşdür, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyildir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqədar başlanmışdır. Dağlıq Qarabağ və ona bitişik olan yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olmuşlar və ATƏT-in Minsk qrupunun himayəsi, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə aparılan uğursuz sülh danışıqları hələlik heç bir nəticə vermir.
İşğal olunmuş Dağlıq Qarabağ regionunun və ona bitişik ərazilərin azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən hələ də yerinə yetirilmir.